"Valideyn cəriməni ödəyib uşağa qarşı gizli zorakılığa əl ata bilər" - Mehriban Zeynalova

"Valideyn cəriməni ödəyib uşağa qarşı gizli zorakılığa əl ata bilər"  - Mehriban Zeynalova

Uşağı tərbiyə etmək və ya intizamı qorumaq adı ilə fiziki və psixoloji zorakılığa yol verən valideynlər və digər məsul şəxslər 200 manat cərimələnə bilərlər.

İnzibati Xətalar Məcəlləsinin 525-1-ci maddəsinə əsasən, bu qayda valideynlərə, onları əvəz edən şəxslərə, eləcə də təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət və digər müəssisələrin əməkdaşlarına şamil olunur. Əgər əməl cinayət məsuliyyəti yaradırsa, inzibati cərimə tətbiq edilmir və məsələyə cinayət qanunvericiliyinə uyğun baxılır.

Bəs 200 manatlıq inzibati cərimə uşağa qarşı zorakılıq hallarının qarşısının alınmasında nə dərəcədə təsirli ola bilər? Bu cəzanın tətbiqindən sonra zorakılığın təkrarlanmaması üçün hansı əlavə tədbirlərin görülməsinə ehtiyac var?
Mövzu ilə bağlı “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, burada əsas məqam 200 manatlıq cərimənin tətbiqindən sonra belə zorakılığın davam etməsi ehtimalının nəzərə alınmasıdır:
"Məsələn, ailədə qadına qarşı zorakılıq baş verdikdə, kişi cəzalandırılsa belə, cəriməni ödədikdən sonra qadına qarşı zorakılığın davam etməsi və ya yeni formalar alması mümkündür. Eyni hal uşaqlarla bağlı da yaşana bilər. Valideyn 200 manat cərimələndikdən sonra uşağa qarşı gizli zorakılıq formalarına əl ata bilər. Burada əsas məsələ uşağın fiziki və psixoloji zorakılığa məruz qalması barədə məlumat verib-verməməsidir".
M.Zeynalovanın sözlərinə görə, ikinci vacib məqam uşağın zorakılığa məruz qalması ilə bağlı psixoloq rəyinin olub-olmamasıdır.
"Bilirsiniz, insanı dərhal cəzalandırmaq hər zaman düzgün yanaşma deyil. Uşaqlarla işləyərkən elə hallarla rastlaşırıq ki, bəzi uşaqlar valideynlərini manipulyasiya edir, onları cəzalandırmaq, qisas almaq və ya daha ağır cəzaya məruz qoymaq istəyirlər. Bu səbəbdən məsələnin hərtərəfli araşdırılması vacibdir. Əgər uşaq həqiqətən fiziki və ya psixoloji zorakılığa məruz qalırsa, bununla bağlı müvafiq prosedurlar tətbiq edilməlidir. İlkin olaraq, fiziki xəsarətlər varsa, valideyn mütləq cəzalandırılmalıdır. Digər tərəfdən, xəsarət olmasa belə, uşağın psixoloji vəziyyəti ilə bağlı mütəxəssis rəyi alınmalıdır. Bu, araşdırma zamanı zorakılıq faktının dəqiq müəyyənləşdirilməsi baxımından mühüm amildir", - deyə o bildirib.
Ekspertin fikrincə, zorakılıqla bağlı ilk dəfə xəbərdarlıq edilməsi, ikinci dəfə daha ciddi tədbirlərin görülməsi, üçüncü dəfə isə artıq məhdudlaşdırıcı tədbirlərin tətbiqi mümkündür:
"Məsələn, valideynin uşaqla görüşünə altı ay müddətinə məhdudiyyət qoyula bilər. Bundan sonrakı mərhələdə valideynin davranışını dəyişməsi və ya reabilitasiya proqramından keçməsi də çox vacibdir. Çünki biz uşağın bütün maraqlarını müdafiə etməyə çalışırıq. Ancaq həmin anda uşağı valideynindən tamamilə ayırmaqla onun maraqlarını nə dərəcədə qorumuş oluruq? Burada belə bir sual da yaranır: uşağın valideynə bağlılığını nəzərə almadan bütün körpüləri yandırırıqmı? Məhz buna görə də belə hallarda valideynin reabilitasiyadan keçməsi mühüm məsələlərdən biridir".

Mənbə: www.bakupost.az