Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun sabiq müavini, YAP-ın Balakən Rayon Təşkilatının sədri Rizvan Balayevin məhkəməsi başlayır.
Apa-ya istinadən xəbər verilir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Xaliq Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası 27 noyabra təyin edilib.
Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub.
O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2-ci ( (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), və 311.3.2 (təkrar rüşvət alma) 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.3-cü maddələri ilə ittiham olunur.
İslam Rzayev ötən il oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Rizvan Balayevə isə bu il saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 və 32.5,311.3.2-ci maddələri üzrə ittiham irəli sürülüb.
Rizvan Balayev 2007-2022-ci illərdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini olub, həmçinin 2011-ci ildən etibarən YAP-nin Balakən rayon təşkilatına rəhbərlik edib.
İş üzrə zərərçəkmiş şəxs qismində Maliyyə Nazirliyi tanınıb.
Mənbə: publika.az