İzmirdə özünü “Mehdi” kimi təqdim edərək bir ailəni şəfa vədi ilə təxminən 3 milyon lirə aldadan, qadına qarşı cinsi istismar və 3 yaşlı uşağa şiddət tətbiq etməkdə ittiham olunan 30 yaşlı Mehdi D. həbs edilib.
Musavat.com xəbər verir ki, istintaq çərçivəsində şübhəlinin anası, atası və bacısı da həbsxanaya göndərilib.
Aparılan əməliyyat nəticəsində şübhəlinin Şanlıurfanın Ceylanpınar rayonunda olduğu müəyyənləşdirilib.
Noyabrın 23-də keçirilən əməliyyat zamanı Mehdi D., eləcə də bank hesablarından istifadəyə şərait yaratmaqla onunla birgə hərəkət edən atası A.D. (50), anası M.D. (47), bacısı M.D. (27) və E.U. (38) saxlanılıb.
İstintaq dərinləşdikcə şübhəlinin eyni üsulla başqa bir şəxsi də aldadaraq zərər vurduğu üzə çıxıb.
Məlumata görə, Mehdi D. bir vətəndaşın avtomobilinin “sehrli” olduğunu iddia edərək satdırıb və əldə olunan vəsaiti öz bank hesabına yönəldib.
Ünvanlarda keçirilən axtarışlar zamanı cinayət tərkibli əlamətlər daşıdığı ehtimal edilən qeyd dəftəri və rəqəmsal materiallar aşkarlanaraq götürülüb.
Polisdəki prosedurlardan sonra məhkəməyə çıxarılan beş şübhəlidən Mehdi D., anası, atası və bacısı barəsində həbs qərarı çıxarılıb. E.U. isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Mənbə: www.musavat.com