Özünü öldürən tar müəlliminin intiharının TƏFƏRRÜATI

Özünü öldürən tar müəlliminin intiharının TƏFƏRRÜATI

Abşeron rayonunun Digah qəsəbəsində tar müəlliminin özünü öldürməsi ilə bağlı bəzi detallar məlum olub.

Əlibaxış Ağayev son iki ayda gərgin və fikirli görünürmüş. Dünən səhər saatlarında o, işlədiyi musiqi məktəbində tar dərsi keçib.

Günorta saatlarında məktəbdən çıxanda müəllim yoldaşları ilə görüşərkən bilib ki, onların bəzisi Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiya imtahanından keçə bilməyib. "Onsuz da mən də kəsiləcəyəm" deyən Ə.Ağayev müəllim yoldaşları ilə sağollaşıb evinə gedib. Günün ikinci yarısında isə müəllimin intihar etdiyi barədə məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, Ə.Ağayevin həm kredit, həm də aliment borcu olub. Həmin borcları ödəyə bilməkdə çətinlik çəkən müəllim boş vaxtlarında qəsəbə ərazisində aparılan fərdi tikinti sahələrində fəhləlik də edirmiş.

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Digah qəsəbəsində baş verib. Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əlibaxış Ağayev mayın 2-də axşam saatlarında özünü yaşadığı evdə asıb. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Məlumata görə, Ə.Ağayev Mehdiabad Musiqi Məktəbində tar müəllimi olub. İki azyaşlı övlad atası olan müəllimin külli miqdarda kredit borcunun olduğu deyilir.

Məlumatda o da bildirilir ki, Ə.Ağayev yaxın günlərdə Mədəniyyət Nazirliyi tərəfindən attestasiyadan keçmək üçün imtahan verməli imiş.

Aqil Vəlili

Mənbə: oxu.az