Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən turizm şirkətinin rəhbəri Leyla İbrahimova həbs edilib.
DİN Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, sosial şəbəkələrdə L.İbrahimovanın həbsi ilə bağlı barəsində şəxsi mülahizələrə əsaslanan iddialar onun törətdiyi cinayət əməlləri ilə uzlaşmır:
“60 nəfər zərərçəkmiş var və onların hər biri vurulan maddi zərərin geri qaytarılmasını tələb edir.
Əvvəllər 6 nəfərə qarşı törətdiyi dələduzluq əməllərinə görə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş İbrahimova Leyla Rahib qızı özünü turizm xidməti göstərən “Romance Travel” şirkətinin rəhbəri kimi təqdim edib. 51 nəfər zəvvarın ziyarətə getmələri üçün 8880, Amerikaya və digər ölkələrə səyahət üçün, eləcə də viza işlərinin təşkilinə görə ayrı-ayrı şəxslərdən 5600, 2120, 1797, 6000, 2202, 3500, 2780, 5858 manat pulu alıb verdiyi vədlərə əməl etməyərək 9 nəfərin 38 737 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir”.
Nazirlik rəsmisi bildirib ki, vətəndaşların şikayətləri əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılaraq Leyla İbrahimova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə onun barəsində ibtidai istintaq davam etdirilir.
Mənbə: qafqazinfo.az