Kərəm Mustafayevin İrana səfəri hansı nəticələrlə yadda qala bilər? - ŞƏRH

Kərəm Mustafayevin İrana səfəri hansı nəticələrlə yadda qala bilər? -

"Bu görüş Azərbaycan Ordusunun cəbbəxanasının gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması istiqamətində elə də ciddi nəticələrlə yadda qalan görüş olmayacaq. Yalnız münasibətlərin müəyyən mənada yaxşılaşdırılması istiqamətində atılan addımdır".

Qaynarinfo-ya açıqlamasında bunu hərbi ekspert İbrahim Rüstəmli Azərbaycan müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayevin İrana səfərini şərh edərkən deyib.

"Azərbaycanın 44 günlük müharibə ilə yaratdığı geosiyasi reallıqlar bir sıra münasibətlərə aydınlıq gətirmək, bir çox dövlətlərin mövqeyini üzə çıxarmaq baxımından xüsusi əhəmiyyətə malikdir. 44 günlük müharibəyə qədər Bakı ilə Tehran arasında münasibətlər kifayət qədər soyuq olub. Yeni geosiyasi reallıqlar isə İranın Cənubi Qafqazla bağlı mövqeyindəki gizli kartların üstünü açdı. Qərbin Ermənistan vasitəsilə bölgəyə sızması İranın maraqları ilə üst-üstə düşmədi", deyə Kərəm Mustafayev bildirib.

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan dünyanın 30-dan çox ölkəsilə hərbi əlaqələr yaradıb və bu prosesdə İranın da müəyyən qədər yeri və rolu var:

"General-polkovnik Kərəm Mustafayevin İrana səfəri və keçirdiyi görüşlər Azərbaycanla İran arasında yaxınlaşmaya xidmət edə bilər. İran Azərbaycana dost ölkə deyil. Ancaq iki ölkə arasında belə əlaqələrin qurulması qonşuluq baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan balanslaşmış siyasət həyata keçirir və onun əsasında da müəyyən siyasi-hərbi müqavilələr də imzalayırıq".

Ekspertə görə, belə bir vaxtda baş tutan görüş İranla hərbi baxımdan əlaqələrin yaxşılaşdırılması istiqamətində böyük əhəmiyyətə malikdir:

"Burada hansı məsələlərin inkişaf perspektivinin müzakirə edildiyindən birmənalı şəkildə danışmaq çətindir. Çünki İranın Azərbaycana münasibətində hələ də redaktələrə ehtiyac var".

Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İranda rəsmi səfərdə olub. Səfər çərçivəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Əziz Nəsirzadə və digər hərbi rəhbərlərlə görüşlər keçirilib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Rüfət Sultan

Mənbə: qaynarinfo.az