Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur

Anası stadion təmizləyir, o isə məşq edirdi... -

İspaniya millisinin ulduzu Fabian Ruiz dünya çempionu olduqdan sonra təsirli həyat hekayəsi ilə gündəmə gəlib.

O, qızıl medal sevincini anası ilə birlikdə qeyd edib.

Çünki anası Fabianın futbolçu olmasında çox böyük rol oynayıb.

Belə ki, Ruiz hələ uşaq olarkən valideynləri ayrılır. Anası isə 3 uşağına tək baxmaq məcburiyyətində qalır. O, müxtəlif işlərdə çalışır.

Bir gün “Betis” klubunun skautları Fabianı kəşf edir və onun istedadlı olması barədə klub rəhbərliyinə məlumat verilir. Ruiz akademiyaya cəlb edilir. Həmin vaxt onun anası Çariyə də klubda xadimə işi təklif edilir. Məqsəd isə sırf Ruizin rahatlığı olur.

Çari bu təklifi tərəddüd etmədən qəbul edir. O, hər səhər stadiona gəlir, paltardəyişmə otaqlarını, dəhlizləri və tribunaları təmizləyir. Həmin vaxt isə Fabian yaxınlıqdakı meydançalarda peşəkar futbolçu olmaq arzusu ilə məşq edir...

İllər sonra Ruiz etiraf edib ki, həmin dəhlizlərdə anasını işləyərkən görmək onda qarışıq hisslər yaradıb. O, həmçinin yeniyetmə yaşlarında bəzən gələcəkdə peşəkar futbolçu olmağı arzuladığı klubda anasının döşəmələri sildiyini görməkdən utandığını da sözlərinə əlavə edib: “Zaman keçdikcə bu utanc hissi yox oldu, onun yerini isə yalnız qürur hissi aldı”.

Fabian “Betis”in akademiyasında yetişərək əvvəlcə “Napoli”yə, daha sonra isə PSJ-yə transfer olunur.

Anası da öz arzularından da əl çəkmir. Klubda uzun illər işləməklə yanaşı, psixologiya təhsili alır və universiteti uğurla bitirir. Bununla da ailədə əzmkarlığın təkcə oğula məxsus olmadığını sübut edir. “Betis”də 15 il çalışdıqdan sonra artıq bu işə ehtiyacı qalmadığı üçün təqaüdə çıxır.

Uzun illərin zəhmətinin ən böyük mükafatı isə DÇ-də gəldi. Oğlu üçün “Betis”də xadimə olaraq çalışan Çari Fabian Ruizin dünya çempionu olmasını canlı izlədi.

Ruiz isə mundialın finalında İspaniyanın Argentinanı məğlub edərək çempion olmasında əsas rollardan birini oynadı. O, həmçinin yarımfinala vəsiqə qazandıran qolu vuraraq diqqəti özünə cəlb etdi.

Maraqlıdır ki, Fabian Ruiz meydanda olduğu müddətdə İspaniyanın əsas millisi indiyədək keçirdiyi heç bir oyunda məğlub olmayıb.

Beləliklə, vaxtilə anasının məşq etdiyi stadionu təmizlədiyini görən balaca Fabian bu gün dünya çempionuna çevrilib. Və bəlkə də, bu uğuru hamıdan çox qeyd etməyə layiq olan insan məhz onun anasıdır.

Elsevər Məmmədov

Mənbə: qafqazinfo.az