FİDE prezidenti istefa verdi

FİDE prezidenti istefa verdi

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Avropa Birliyinin ona qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.

Hələlik bu qərar müvəqqətidir və Vişvanatan Anand təşkilatın müvəqqəti sədri vəzifəsini icra edəcək.

“Avropa Birliyi mənim adımı 21-ci sanksiya paketinə daxil edib. Bu qərarı qanunsuz və ədalətsiz hesab etdiyimi və bütün mövcud kanallar vasitəsilə dərhal apelyasiya şikayəti verəcəyimi bildirmək istəyirəm. Əminəm ki, ədalət qalib gələcək.

Lakin, məhkəmə qərarı çıxarılana və ya həmin qərar ləğv edilənə və ya dəyişdirilənə qədər sanksiyaların FİDE-nin sabit fəaliyyətinə mane ola biləcəyini nəzərə alaraq, FİDE prezidenti kimi səlahiyyətlərimi və vəzifələrimi dərhal, Aİ və İsveçrə qanunlarına əsasən sanksiyalara məruz qaldığım müddətcə könüllü olaraq dayandırmaq qərarına gəldim.

FİDE Nizamnaməsinə uyğun olaraq, prezidentin vəzifələrini FİDE-nin vitse-prezidenti, 15-ci dünya çempionu Vişvanatan Anand yerinə yetirəcək.

FİDE Şurasına etibar etdiyimi və əmin olduğumu vurğulamaq istəyirəm ki, o, təşkilatın administrasiyası ilə birlikdə bütün çətinliklərin öhdəsindən gələcək və FİDE-nin rahat fəaliyyətini, turnirlərinin keçirilməsini və sosial proqramlarının həyata keçirilməsini təmin etmək üçün əlindən gələni edəcək”, – Dvorkoviç bildirib.

Dvorkoviçin Avropa Birliyinin sanksiyalarına məruz qalması ehtimalı iyunun əvvəlində bildirilmişdi. O, bu vəzifəni 2018-ci ildən bəri tutur və yenidən namizədliyini irəli sürmək hüququna malikdir.

Mənbə: publika.az