Qattuzo: "Əgər özümüzü aldatmaq istəyiriksə..."

Qattuzo: "Əgər özümüzü aldatmaq istəyiriksə..."

“Latsio”nun baş məşqçisi Cennaro Qattuzo A Seriyasının 4-cü turunda keçirilən “Latsio” – “Milan” matçından sonra təşkil olunan mətbuat konfransında danışıb.

İtaliya millisinin sabiq baş məşqçisi karyerası ərzində uğursuz vaxta təsadüf edən ayrılıqlarından zarafatla söz açıb və komandasının inkişafı, nizam-intizamı, eləcə də mövsüm hədəfləri barədə fikirlərini bölüşüb:

“Məşqçilik karyeram mənə bunu deyir: “Milan”dan ayrıldığım zaman onlar liqada çempion oldular, “Napoli”dən ayrıldığım zaman da liqada çempion oldular. Futbolçularıma hər gün necə inkişaf edə biləcəklərini izah etmək üçün çalışıram. Nizam-intizam üzərində işləyirəm, vaxtında gəlməyin, özləri üçün qaydalar müəyyənləşdirməyin vacibliyini başa salıram. Futbolçular da mənə etimad göstərirlər və mən buna böyük əhəmiyyət verirəm. İlk gündən etibarən bu məsələlər üzərində işləyirik. Düzgün insanlarla işlədiyiniz zaman onlara zəhmətin qarşılığını verdiyini izah etmək təbiidir. Biz bu yola başladıq və bu qrupun nümayiş etdirdiyi münasibətə görə futbolçulara təşəkkür etməliyəm. Əgər belə çıxış edə biliriksə, bunda onların da böyük payı var”.

Qattuzo komandanın Avropa yarışlarına vəsiqə qazanmaq hədəfi barədə də danışıb:

“İdman direktoru Fabiani Avropa hədəfindən danışıb? Onsuz da üzərimizdə kifayət qədər təzyiq var. İçində olduğumuz şəraitdə oynamaq asan deyil və Avropadan danışmaq düzgün olmaz. Bu, mübahisə yaratmaq məqsədi daşımır. Məsuliyyətdən qaçmaq istəmirəm, çünki “Latsio” kimi klubda məşqçilik edərkən həmişə böyük işlər görməyi düşünməlisiniz.

Hədəfimiz oyun-oyun irəliləməkdir. Minimum hədəfin Avropa yarışlarına vəsiqə qazanmaq olduğu deyiləndə bununla razı deyiləm. Əgər özümüzü aldatmaq istəyiriksə, bunu deyə bilərik. Amma məsələ mübahisə yaratmaq deyil, sadəcə, lazımsız təzyiqdən söhbət gedir. Rəqibin kimliyi vacib deyil, əsas olan hər zaman münasibətdir. Biz bu yolda irəliləməyə davam etməliyik. Parlaq çıxış etmədiyimiz zaman müdafiəsiz qaldığımızı gördük. İnkişaf etdirməli olduğumuz məqam budur və bunu yalnız çalışmaqla bacara bilərik. “Milan”a qarşı çətinlik çəkməyimiz də normaldır. Amma bu xalı hesabımıza yazırıq”.

Mənbə: publika.az