“Mançester Siti” maliyyə fırıldağında ittiham olunur - Liqadan düşə bilərlər

“Mançester Siti” maliyyə fırıldağında ittiham olunur -

“Mançester Siti” İngiltərə Premyer Liqasının (EPL) maliyyə feyr-pley qaydalarını pozmaqda təqsirli bilinib.

Bu barədə məşhur jurnalist və insayder Devid Ornşteyn özünün “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Məlumata əsasən, “şəhərlilər” bu qərardan apellyasiya şikayəti verməyə hazırlanır.

2023-cü ilin fevral ayında EPL klub qarşısında 2009/2010-cu il mövsümündən 2017/2018-ci il mövsümünə qədər olan dövrü əhatə edən 115 ayrı-ayrı ittiham irəli sürmüşdü. Yerli mediada yayılan xəbərlərə görə, pozuntulardan biri “Mançester Siti”nin UEFA-nın maliyyə qaydalarından yan keçərək 30 milyon funt-sterlinq əldə etməsi ilə bağlıdır.

Məlumata görə, “Siti”nin maliyyə pozuntuları barədə sənədli filmin müəllifləri ingilis klubunun maliyyə fəaliyyətinə dair UEFA-nın 2020-ci il hesabatına çıxış əldə ediblər. Həmin hesabatdan bəlli olur ki, klub 2012 və 2013-cü illərdə Əbu-Dabidən olan naməlum şəxsdən hər biri 15 milyon funt-sterlinq olmaqla iki ödəniş alıb.

Bu köçürmələr BƏƏ-yə məxsus “Etisalat” telekommunikasiya şirkətinin sponsorluq ödənişləri kimi rəsmiləşdirilsə də, UEFA bunun reallıqda klubun Abu-Dabidən olan sahiblərinin “pərdələnmiş maliyyələşdirilməsi” olduğu və qurumun qaydalarını kobud şəkildə pozduğu qənaətinə gəlib.

Qeyd edək ki, “Mançester Siti” bütün bu ittihamları ardıcıl olaraq rədd edib və onların yalan olduğunu bildirib. Qərarın hüquqi qüvvəyə minəcəyi təqdirdə klub üçün cəza Premyer Liqadan kənarlaşdırılma (düşmə), xalların silinməsi və ya külli miqdarda maliyyə cərimələri ola bilər. Lakin klub üçün yekun nəticələr və konkret cəzalar hələ ki tam dəqiqləşməyib.

Mənbə: qafqazinfo.az