Son illərdə məktəblərdə "Son zəng" tədbirlərinin daha dəbdəbəli keçirilməsi, bunun üçün bəzi məktəblərdə pul yığılması kimi neqativ halların ortaya çıxması müəyyən narazılıqlara səbəb olur.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə məsələ ilə bağlı açıqlama verib.
O, “Son zəng”in mahiyyətindən danışıb və bu tədbirlərin sadə keçirilməli olduğunu diqqətə çatdırıb: "Dünya əhalisi ən qədim zamanlardan başlayaraq öz fəaliyyətlərini dəyərləndirmək üçün təntənəli tədbirlər təşkil edirlər. Məsələn, insanlar ad günlərini qeyd edirlər. Bu, əslində onların yaşadıqları dövrün hesabatıdır. İnsan geriyə nəzər salır, uğurları ilə sevinir, uğursuzluqlarını aradan qaldırmaq üçün yollar axtarır. Ad günlərinin, yubileylərin keçirilməsinin fəlsəfəsi budur.
Təhsilin müxtəlif mərhələlərini bitirdikdən sonra da insanlar öz fəaliyyətlərini təntənəli qeyd edirlər. Ölkəmizdə orta və ali məktəbi bitirəndə keçirilən “Son zəng” tədbirləri buna aiddir. Universitetlərdə bu tədbirlər daha məqsədəmüvafiq təşkil edilir. Əksər universitetlərdə bu tədbir elə ali məktəbin həyətində keçirilir. Adətən axşam tərəfi ali məktəbin həyətində qurulmuş səhnədə əvvəlcə universitet rektoru və bir neçə müəllim tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayır, sonra universiteti fərqlənmə ilə bitirən tələbələrin diplomları təqdim olunur, sonda tələbələrə musiqi nömrələri təqdim olunur, onlar musiqi sədaları altında rəqs edirlər. Bəzi universitetlər həyətdə yığışmaq imkanı məhdud olduğu üçün həmin tədbiri müxtəlif konsert salonlarında, həmin ssenari əsasında təşkil edirlər. Bu tədbirin bütün maliyyə xərclərini universitet öz öhdəliyinə götürür”.
H.Əlizadə əlavə edib ki, məktəblərdə də bu tədbir adətən məktəb həyətində keçirilir. Son zamanlarda bəzi məktəb rəhbərləri müəyyən maliyyə qarşılığında bu tədbiri müəyyən şənlik məkanlarında keçirməyə üstünlük verirlər. Bu isə maddi imkanları zəif olan valideynlər arasında haqlı narazılıqlar yaradır: “Son zəng”in keçirilməsinin əsas məqsədi şagirdlərə keçdikləri yola nəzər salıb, gələcək uğurlarının yollarını göstərmək olduğu halda, şagirdlər arasında narazılığın yaranması yolverilməzdir. Hətta bir sıra hallarda maddi tələbi ödəməyən şagirdlərin “Son zəng” tədbirinə buraxılmayacağı da bildirilir. Halbuki, “Son zəng”də iştirak etmək hər bir şagirdin haqqıdır. Onu bu tədbirdən necə kənarlaşdırmaq olar? Məmnunluq hissi ilə qeyd etməliyəm ki, Elm və Təhsil Nazirliyi, MÜTDA belə hallara qarşı həmişə mübarizə aparır”.
İctimai Şura sədri onu da vurğulayıb ki, “Son zəng” tədbirini məktəbin həyətində müəllim və şagirdlərin xatirə söhbəti, şagirdlərin özlərinin hazırladığı səhnəciklər, musiqi nömrələri əsasında təşkil etmək daha məqsədəuyğun olardı: “Hər bir şagird məmnunluq hissi ilə məktəbdən ayrılmalıdır və “Son zəng” tədbirindən sonra onun həyatında yeni mərhələ açıldığını görməlidir. Məktəbdən məmnunluq hissi ilə ayrılan şagird məktəbi onu həyata hazırlayan ocaq kimi dəyərləndirməli və hansısa bir çətinliklə üz-üzə qaldıqda məktəbə gəlib, öz müdrik müəllimləri ilə məsləhətləşməyi özlərinə rəva görməlidirlər. Mən bu il həm orta, həm də ali məktəbi bitirən bütün məzunları təbrik edir, onların hər birinə məktəbin onlara verdikləri bilik və bacarıqlarını ölkəmizin daha da inkişaf etməsinə həsr etməsini arzu edirəm”.
Mənbə: qafqazinfo.az