İrlandiyanın milli aviaşirkəti Aer Lingus artan əməliyyat xərcləri və zərərlə işləyən marşrutlar səbəbindən genişmiqyaslı yenidənqurma proqramına başlayıb. Şirkət bu çərçivədə 500 əməkdaşını ixtisar etməyi, eyni zamanda uçuş tutumunu 6 faiz azaltmağı planlaşdırır.
Təxminən 6 min nəfəri işlə təmin edən Aer Lingus-un açıqladığı plana əsasən, ixtisarlar müxtəlif bölmələri əhatə edəcək. Bunlardan 140 nəfəri kabin heyəti, 90 nəfəri Dublindəki baş ofisin əməkdaşları, 70 nəfəri pilotlar, 200 nəfəri isə digər dəstək xidmətlərində çalışan işçilər olacaq. Şirkət rəhbərliyi bildirib ki, işçi nümayəndələri ilə aparılacaq danışıqlarda məcburi ixtisarların minimuma endirilməsi və prosesin sosial proqramlar çərçivəsində həyata keçirilməsi müzakirə olunacaq.
Qənaət tədbirləri yalnız işçi sayının azaldılması ilə məhdudlaşmayacaq. Aer Lingus ilin sonunadək Dublin mərkəzli səkkiz marşrutu tamamilə dayandıracaq. Bağlanacağı dəqiqləşən istiqamətlər arasında Las-Veqas və Malta reysləri də yer alır.
Şirkət rəhbərliyi bildirir ki, bu addımlar daha səmərəli və xərcləri aşağı olan marşrut şəbəkəsinin formalaşdırılmasına xidmət edir. Ümumilikdə isə aviaşirkət uçuş tutumunu 6 faiz azaltmağı hədəfləyir.
Aer Lingus-un bu qərarı qəbul etməsində ilin ilk rübündə qeydə alınan 87 milyon funt sterlinq məbləğində xalis zərərin mühüm rol oynadığı bildirilir. Şirkətin rəhbərliyi geosiyasi gərginlik fonunda artan yanacaq qiymətlərinin maliyyə göstəricilərinə ciddi təzyiq göstərdiyini vurğulayıb.
Rəsmi açıqlamada qeyd olunur ki, xərclərin azaldılması istiqamətində atılan addımlar şirkətin uzunmüddətli dayanıqlı inkişafını təmin etmək məqsədi daşıyır.
Aer Lingus-un yenidənqurma qərarı qlobal aviasiya sektorunda maliyyə çətinliklərinin artdığı bir dövrə təsadüf edir. Son aylarda bir sıra aviaşirkətlər də artan əməliyyat xərcləri, yanacaq qiymətləri və zəifləyən tələbat səbəbindən marşrutlarını ixtisar edib və ya fəaliyyətlərini məhdudlaşdırıb.
Mənbə: musavat.com