12 may 2025-ci il tarixində “Atəşgah” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının tərkibində dəyişiklik baş verib. Belə ki, Azər Allahverdi oğlu Əliyev “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü vəzifəsinə təyin olunub. Qeyd edək ki, sığorta sahəsində uzunmüddətli və zəngin təcrübəyə malikdir Azər Əliyev 2008–2010-cu illərdə və 2017–2022-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
O, həmçinin digər nüfuzlu qurumlarda da rəhbər vəzifələrdə çalışmışdır. 2019-cu ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, daha sonra isə qurumun Müşahidə Şurasının sədri vəzifəsini icra etmişdir. Bununla yanaşı, Azər Əliyev İcbari Sığorta Bürosunun Himayəçilər Şurasında sədr və sədr müavini kimi də fəaliyyət göstərib.
Peşəkar fəaliyyəti dövründə Azər Əliyev üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmiş, “Atəşgah” Sığorta Şirkətinin qazandığı uğurlarda əhəmiyyətli rol oynamışdır. O, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşəbbüsü ilə həyata keçirilən bir sıra maarifləndirici layihələrdə fəal iştirak etmiş, ölkədə sığorta mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb.
Mənbə: qafqazinfo.az