“Hesabatda “məcburi əmək” söz birləşməsindən istifadə olunub. Bu, ingiliscədən tərcümədir. Bizdə Konstitusiyanın 35-ci maddəsinin 3-cü hissəsində “heç kəs zorla işlədilə bilməz” ifadəsi işlənir. Tövsiyəm budur ki, “məcburi əmək” yerinə, “zorla işlətmə” ifadəsi işlədilsin”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Erkin Qədirli Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı bildirib.
“Çünki məcburiyyətlə əmək sözlərinin müsbət mənaları ola bilir. Lakin “zorla” sözü çox aydın və kəskindir. Bundan başqa, cinayətlərin dinamikası artır, amma məsuliyyətə cəlb olunan insan alverçilərinin sayı getdikcə azalır. Bunun iki məqamı var, ya təmərküzləşdirmə baş verir, ya da informasiya texnologiyalarını nəzərə alsaq, bizim hüquq-mühafizə orqanlarımızın əli çatmayan başqa ölkədə oturub onlayn vasitələrlə bu ticarəti təşkil edirlər”, - deyə deputat bildirib.
Nuranə Daxilqızı
Mənbə: qafqazinfo.az