Azərbaycanda neft emalında kəskin azalma - Səbəb nədir? - AÇIQLAMA

Azərbaycanda neft emalında kəskin azalma - Səbəb nədir? - AÇIQLAMA

Azərbaycanda neft emalı 18%-dən çox azalıb. Energetika Nazirliyinin 2025-ci ilin yanvar-aprel aylarına dair məlumatlarına əsasən, 4 ay ərzində neftin emalı 1,8 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.2% azdır. Həmin dövrdə respublikada 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Bəs neft emalındakı bu azalma nə ilə bağlıdır?
Mövzu ilə bağlı danışan neft-qaz məsələləri üzrə ekspert Zəfər Əliyev bildirib ki, emaldakı azalma cari ilin martin 4-dən 5-nə keçən gecə Bakı Neft Emalı Zavodunun ilkin neft emalı qurğusunda baş vermiş ağır texnoloji qəza ilə bağlıdır:
“Bu qəzanın nəticələrinin aprelin sonuna kimi aradan qaldırılmasına baxmayaraq, zavod hələ də tam emal gücünə çıxmayıb. Çünki neftin ilkin emalı qurğusunda baş vermiş texnoloji qəzadan sonra zavodun emal göstəriciləri xeyli aşağı düşüb. Mən statistik göstərici də deyə bilərəm. Məsələn, 2025-ci ilin yanvar-mart ayları ərzində Neft Emalı Zavodunda emal göstəriciləri 1 milyon 232 min ton idisə, 2024-cü ilin analoji dövründə bu göstərici 1 milyon 330 min ton təşkil edirdi.”
Ekspert qeyd edib ki, qəza zavodun bütün emal məhsullarına - avtomobil benzini, dizel yanacağı, aviakerosinin istehsalına mənfi təsir göstərib:
“Bu qəzadan sonra emal göstəricisi 18,2 faiz aşağı düşüb və eyni zamanda zavodun ümumi emal göstəricilərinə mənfi təsir göstərib. Yəni həm müxtəlif markalı avtomobil benzininin, həm dizel yanacağının, həm aviakerosinin, həm də digər neft məhsullarının emal göstəricisi qəza nəticəsində aşağı düşüb.”
Z.Əliyevin sözlərinə görə, yaranmış vəziyyəti kompensasiya etmək üçün SOCAR Rusiya və Belarusun neft emalı zavodlarından neft idxalına başlayıb:
"SOCAR-ın aktivində olan Bakı şəhəri və regionları əhatə edən neft bazalarında yanacaq ehtiyatını normal səviyyədə saxlamaq üçün biz məcbur olduq ki, kənar mənbələrdən - Rusiya və Belarusun neft emalı zavodlarından neft məhsullarının idxalına başlayaq. Məsələn, bu qəzadan sonra yaranmış vəziyyətlə əlaqədar bizim üçün 3 yanacaq növü xüsusilə vacibdir. Avtomobil benzini, dizel yanacağı və yol bitumu, eyni zamanda aviakerosin. Çünki həm yazın gəlişi, həm də Qarabağ və Şərqi Zəngəzurda bərpa-tikinti işlərinin aparılması ilə bağlı ehtiyac var. Bu ərazilərdə geniş infrastruktur işləri görülür, yollar çəkilir və s.Ona görə də biz kənardan neft məhsulları idxal etməyə məcbur olduq. Məsələn, bazar iştirakçılarının verdiyi məlumata görə, hətta may ayında Rusiyanın iki zavodundan 13 min ton avtomobil benzininin idxalı nəzərdə tutulur. Məlumat üçün deyim ki, əgər mart ayında qəzadan sonra Aİ-92 markalı benzinin emalı 79,9 min ton oldusa, fevral ayında bu göstərici 133 min ton idi. Kifayət qədər azalma var. Fevral ayında 60 min tondan çox aviakerosin emal edilibsə, qəzadan sonra bu yanacağın emalı 26,5 min tona düşüb. Həmçinin, olduqca vacib olan dizel yanacağının fevral ayında emal göstəricisi 232 min ton idisə, qəzadan sonra 95,6 min tona düşüb.
Bazar iştirakçılarının verdiyi məlumata görə, may ayında 40 min ton dizel yanacağının ölkəyə gətirilməsi planlaşdırılır. Bu da yenə Rusiyanın neft emalı zavodlarından tədarük ediləcək. Hazırda adıçəkilən neft məhsullarının ölkəyə gətirilməsi eyni zamanda əlavə valyuta xərcləri deməkdir. Qəzanın nəticələri heç də kiçik deyil. Baxmayaraq ki, aprel ayının sonunda zavodun təmiri başa çatdırılıb, amma görünür, texnoloji qurğuların tam rejimdə işləməsi təmin olunmadığından may ayında da bir neçə neft məhsulunun ,o cümlədən avtomobil benzininin, dizel yanacağının və yol inşaatında istifadə olunan bitumun ölkəyə kənar mənbələrdən tədarükü nəzərdə tutulur.”
Lalə Novruz

Mənbə: www.bakupost.az