SSRİ-nin keçmiş rəhbəri Leonid Brejnevin nəticəsi Anton Milayev Ukraynada əsir düşüb. Bir ay əvvəl mətbuatda onun müharibəyə qatılması ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapıb.
"İstəyirəm yaşayım" (Xoçu jit) layihəsinə müsahibə verən Milayev acınacaqlı həyat hekayəsini və cəbhəyə necə gəlib çıxdığını danışıb.
O, təxminən 20 il ABŞ-da yaşadığını və orada müxtəlif işlərdə çalışdığını bildirib. Lakin "Green Card" ala bilmədiyi və "masonlara işləməkdən" yorulduğu üçün Rusiyaya qayıtmaq qərarına gəlib. Vətənə dönəndən sonra üzərinə 1 milyon rubl borc yığılan Milayev, pul qazanmaq məqsədilə müharibəyə getməyi çıxış yolu kimi görüb.
Onun digər bir motivasiyası isə Ukraynada "nasistləri görmək" istəyi olub. Lakin cəbhəyə gəldikdən sonra hər şeyin təbliğatdan ibarət olduğunu anladığını deyir:
"Yox, nasistləri görmədik. Bunu yalnız buraya düşdükdən sonra anladıq. Düşünürəm ki, fikri dəyişmək üçün hər kəs burada olmalıdır".
Xerson vilayətində döyüşə atılan və aldadıldığını başa düşən Milayev Ukrayna ordusunun pilotsuz uçuş aparatına (PUA) təslim olub. O, müharibə bitənə qədər Ukrayna əsirliyində qalmaq istədiyini vurğulayıb.
Mənbə: bizim.media