NATO müttəfiqləri Rusiya sərhədində nəzarəti gücləndirir - İsveçdən Finlandiyaya dəstək

NATO müttəfiqləri Rusiya sərhədində nəzarəti gücləndirir -

İsveç Rusiya ilə sərhəddə patrul xidməti həyata keçirmək məqsədilə Finlandiyaya hərbi birləşmələr, "Gripen" qırıcıları və hərbi gəmilər göndərəcək.

SVT telekanalına istinadən xəbər verilir ki, bu qərar Helsinkinin rəsmi müraciəti əsasında qəbul edilib.

İsveçin müdafiə naziri Pol Yonson bildirib ki, müttəfiq ölkələr kimi İsveç və Finlandiya NATO-nun şərq cinahında və Baltik dənizi regionunda güclü müdafiə, çəkindirmə tədbirlərinin mühüm əhəmiyyət kəsb etdiyi barədə ortaq fikri bölüşürlər.

Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen isə vurğulayıb ki, sözügedən əməliyyat Şimali Atlantika Alyansı ilə sıx koordinasiya şəraitində həyata keçirilir:

"Dəniz və aviasiya sahəsində əməkdaşlıq Skandinaviya və ikitərəfli tərəfdaşlığımızın artıq ayrılmaz bir hissəsinə çevrilib. Biz ərazi bütövlüyünün qorunması və ərazi nəzarəti sahəsində əməkdaşlıq nəticəsində bunu daha da inkişaf etdirəcəyik".

Qeyd edilib ki, payız aylarında PUA-lara qarşı mübarizə aparan ordu bölmələrinin də patrul xidmətinə cəlb olunacağı gözlənilir.

Mənbə: oxu.az