Brüsselin “revizor”ları əvvəlki qədər görünmür və informasiya səhnəsindən geri çəkiliblər; hərbi ekspert səbəbi haqda deyir ki...
Bir vaxtlar Azərbaycan-Ermənistan sərhədində baş verən demək olar ki, hər hadisənin fonunda adıçəkilən Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası - EUMA son aylarda sanki informasiya səhnəsindən geri çəkilib. Sərhədin Ermənistan tərəfində gecə-gündüz patrul aparan, müşahidələrini Brüsselə çatdıran və fəaliyyəti ətrafında ciddi siyasi müzakirələr yaranan missiya indi əvvəlki qədər görünmür.
Aİ-nin rəsmi məlumatına görə, missiyanın mandatı 2027-ci il fevralın 19-dək uzadılıb. EUMA-nın 200-dən çox əməkdaşı var və missiya Ermənistan-Azərbaycan sərhədinin yalnız Ermənistan tərəfində fəaliyyət göstərir. Onun əsas vəzifəsi ərazidəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaqdır. Hətta iyulun 3-də EUMA sosial şəbəkə hesabında sərhədyanı bölgələrdə sutka ərzində patrulların davam etdiyini açıqlayıb. İyunun sonunda isə Aİ-nin mülki əməliyyatlar üzrə rəhbərliyindən nümayəndə EUMA patruluna qoşularaq Ermənistanın Azərbaycanla sərhədindəki Xaçik kəndinə baş çəkib.
Əvvəllər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr zamanı EUMA-nın mövqeyi Avropa mediasında və siyasi dairələrdə geniş müzakirə edilirdi. İndi isə missiyanın fəaliyyəti daha çox texniki xarakter daşıyır və onun gündəlik müşahidələri ictimai informasiya dövriyyəsində əvvəlki qədər görünmür.
Yada salaq ki, 2026-cı ilin aprelində Aİ Ermənistanda daha bir mülki missiya - “EUPM Armenia” yaratmaq qərarı qəbul edib. Bu missiya iyulun 13-dən fəaliyyətə başlayıb və onun mandatı EUMA-dan tamamilə fərqlidir: kibertəhlükəsizlik, hibrid təhdidlər, xarici informasiya manipulyasiyası və digər sahələrdə Ermənistan dövlət qurumlarına dəstək vermək.
Yəni Brüsselin Ermənistanla bağlı təhlükəsizlik gündəmində müəyyən dəyişiklik açıq şəkildə görünür. Əvvəllər əsas diqqət Ermənistan-Azərbaycan sərhədinə yönəlmişdisə, indi Aİ-nin Ermənistandakı fəaliyyətində hibrid təhlükələr, kibertəhlükəsizlik və dövlət institutlarının dayanıqlılığı da ön plana çıxır. Bu isə EUMA-nın tədricən arxa plana keçirildiyi görüntüsünü yaradır.
Brüsselin Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyası niyə əvvəlki qədər görünmür və onun topladığı məlumatlar indi hansı siyasi qərarların hazırlanmasında istifadə olunur?

Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a açıqlamasında bu missiyanın ilk növbədə Rusiyaya görə yaradıldığını bildirib. Aİ-nin məqsədinin regionda öz təsir gücünü artırmaq olduğunu deyən Ramil Məmmədlinin fikrincə, bunun üçün ən münbit şərait Ermənistan idi: “Çünki Rusiyanın ən böyük təsir zonası və vassalı olan ölkədə hakimiyyət dəyişikliyi baş vermiş, Qərbin dəstəklədiyi fiqur hakimiyyətə gəlmişdi. Buna daha əvvəl nail ola bilməzdilər. Yəni Sərkisyan dönəmində bölgəyə Qərbin kəşfiyyat xidmətini yerləşdirmək qeyri-mümkün idi. Hətta xatırladım ki, Makron İrəvandakı meydanda çıxışında bu məsələyə toxundu. Fransa prezidenti bildirdi ki, 2018-ci ilə qədər Ermənistana gəlmək olmurdu. Ona görə açıq şəkildə anons etdi ki, bu respublikanı Rusiyadan qoparmaq üçün siyasi-iqtisadi və hərbi dəstəyi gücləndirmək lazımdır. Yəni nə Azərbaycanda, nə Gürcüstanda Qərbin hər hansı jandarması, yaxud mülki missiya adı ilə şəbəkəsini yerləşdirmək olardı. Üstəlik, strateji cəhətdən ən yaxşı ünvan Ermənistan idi. Ona görə ki, Cənubi Qafqazın Rusiya nöqteyi-nəzərdən ən "zəif bəndi" bu ölkədir".
Ekspert qeyd edib ki, məqsəd mərhələli şəkildə Rusiyanın Ermənistanda hərbi varlığını aradan qaldırmaqdır, lakin o qədər də asan məsələ deyil: “Baxın, Suriyada belə rusların hərbi bazaları qalıb. Ermənistan isə Suriya ilə müqayisədə çox kiçik ölkədir. Digər tərəfdən, hakimiyyət dəyişikliyi baş verdiyində Rusiya yenə Ermənistanda nüfuzunu gücləndirəcək. Amma Avropa İttifaqı buna qədər iş aparır. İndi hədəf Ermənistanın Türkiyə və İran sərhədlərindən rus hərbçiləri çıxara bilməkdir. Amma buna yalnız müşahidə missiyasının fəaliyyəti ilə müvəffəq olmaq gülməli səslənir”.
Azərbaycana gəldikdə isə hərbi şərhçi hesab edir ki, son dövrlər sözügedən missiyanın fəaliyyətinin qabarıq şəkildə görünməməsi Bakı ilə İrəvan arasında artan təmaslardan irəli gəlir: “Paşinyanın missiyanın yekun sülh müqaviləsindən sonra gedəcəyini açıqlayıb. Amma buna şübhə edirəm. Azərbaycanla sərhədlərdən çəkilsələr belə digər ölkələrlə sərhədlərdə və ya öz qərargahlarında qala bilərlər. Dediyim kimi, burada əsas strateji məqsəd Rusiya ilə bağlıdır. Eyni zamanda elə görüntü yaradılırdı ki, guya Azərbaycanla şərti sərhəddə ermənilər üçün hər hansı təhlükə var. Əslində oyun oynayırdılar. Onların "binokl diplomatiyası" regionda mövcudluğa xidmət edirdi. İndi isə Bakıdan neft məhsulları Ermənistana ixrac olunur, üçüncü ölkələrin malları ərazilərimizdən tranzit keçməklə bu ölkəyə daşınır, delimitasiya ilə bağlı yeni addımlar atılması nəzərdə tutulub, Paşinyan bəyan edir ki, sülh müqaviləsi imzalanacaq, elə Bişkekdə də liderlər bir araya gəldilər... Bu halda, Aİ missiyası şərti sərhəddə nəyi izləyə bilər ki..?"
Qeyd edək ki, missiyanın rəhbəri Markus Ritter sülh sazişi qüvvəyə mindikdən sonra bu fəaliyyətə ehtiyac qalmayacağına əmin edib. Missiyanın rəhbəri onu da vurğulayıb ki, 2025-ci ilin avqustunda Vaşinqton razılaşmalarının imzalanmasından sonra sərhəddə heç bir insident qeydə alınmayıb. Aİ müşahidəçiləri 2023-cü ilin fevralından Azərbaycanla sərhədin Ermənistan tərəfində patrul missiyası həyata keçirir. 2025-ci il yanvarın 30-da Aİ Şurası 44 milyon avro büdcə ilə birliyin Ermənistandakı missiyasının mandatını iki il müddətinə uzadıb.
Sənəddə bildirilir ki, missiya beynəlxalq və yerli heyət də daxil olmaqla, 200-dən çox şəxsi heyətdən ibarətdir. Missiyanın müşahidəçiləri Aİ-nin 25 üzv ölkəsini və Kanadanı təmsil edirlər. Missiya tərkibində bu qədər ölkənin, xüsusilə Avropa qitəsindən kənarda yerləşən Kanadanın təmsil olunması göstərir ki, bu, sadəcə, Aİ layihəsi deyil, bütövlükdə Qərbin kollektiv nəzarət mexanizmidir.
Mənbə: musavat.com