Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
O, Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin sarsılmazlığı və türk dövlətlərinin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb:
"Aramızda məsafə yaratmağa çalışanlar xalqlarımızın bir-birinə bəslədiyi dərin sevgini, tarixi bağlarımızı və sarsılmaz iradəmizi nəzərə almırlar. Türkiyə və Azərbaycan bölgəmizdə sülh, sabitlik və rifah naminə çiyin-çiyinə irəliləməyə davam edəcəklər. Bütün dünyada Türkün səsini ucaldacaq, birgə rifah içində bir gələcək quracağıq.
Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birgə hərəkət etdikləri zaman nələr bacardıqlarını anlamaq üçün tarixə baxmaq yetərlidir. Biz müxtəlif dövlətlərik. Eyni zamanda, fərqli institusional quruluşlara sahibik. Lakin qardaşlıq bağları ilə bir-birimizə möhkəm şəkildə bağlıyıq. Bu bağlılıq bizi ayaqda saxlayan, gücləndirən ən əsas amildir. Qardaşlığımız ortaq keçmişimizin, ortaq mədəni irsimizin və gələcək nəsillərə ötürəcəyimiz böyük mirasın ən etibarlı zəmanətlərindən biridir".
Müəllif: Roza
Mənbə: publika.az