Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 20-də Türkmənistanda MDB Parlamentlərarası Assambleyasının 61-ci plenar iclasında çıxış edib.
Spiker əvvəlcə Türkmənistan Məclisini MDB Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alması münasibətilə təbrik edib.
Çıxışında Milli Məclisin sədri Assambleyanı açıq dialoq platforması kimi xarakterizə edərək, bu çərçivədə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə oluna biləcəyini və dövlətlərin milli prioritetlərini nəzərə alaraq razılaşdırılmış yanaşmalar tapıla biləcəyini qeyd edib.
Spiker Azərbaycan Milli Məclisinin MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini, parlament əlaqələrinin genişləndirilməsinə və ölkələrimiz arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin daha da inkişafına yönəlmiş təşəbbüsləri dəstəklədiyini bildirib.
Qeyd olunub ki, humanitar sahədə əməkdaşlıq əhəmiyyətli istiqamətlərdən biridir və Azərbaycan MDB məkanında xalqlar arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinin qorunmasına kömək edən mədəni və humanitar mübadilələrin genişləndirilməsinin tərəfdarıdır.
Spiker MDB çərçivəsində Azərbaycanda keçirilmiş tədbirlərdən danışaraq, 2025-ci ilin iyun ayında Azərbaycanın Şərqi Zəngəzur regionunun Laçın şəhərində MDB Mədəniyyət Paytaxtı ilinin təntənəli açılış mərasimi çərçivəsində genişmiqyaslı tədbirlərin təşkil edildiyini, həmin ilin sentyabr-oktyabr aylarında ölkəmizin yeddi şəhərində 13 dövlətdən 1600-dən çox idmançının iştirak etdiyi III MDB Oyunlarının keçirildiyini qeyd edib.
Qeyd olunub ki, MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlığın mühüm istiqaməti seçkilərin müşahidəsi və parlamentarizmin inkişafı məsələləri olaraq qalır. Azərbaycan nümayəndələri MDB PA-nın monitorinq fəaliyyətində mütəmadi olaraq iştirak edirlər. Spiker cari ilin ikinci yarısında Milli Məclisin deputatlarının Qazaxıstan Respublikası Qurultayının birinci çağırış deputatlarının və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının doqquzuncu çağırış deputatlarının seçilməsi üzrə müşahidə missiyalarında fəal iştirak etdiklərini diqqətə çatdırıb.


Mənbə: qafqazinfo.az