Paşinyan Bakı və Ankaraya görə “savaş”a başlayır – Region üçün gözlənilən SSENARİ

Paşinyan Bakı və Ankaraya görə “savaş”a başlayır –

Türkiyənin tanınmış politoloqu, Kocaeli Universitetinin Siyasi Elmlər Fakültəsində Beynəlxalq Əlaqələr kafedrasının müdiri Prof. Dr. İrfan Kaya Ülger ilə müsahibəni təqdim edirik:

– İrfan bəy, Çinin Şencen şəhərində Çin Xalq Respublikasının sədri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli görüşü keçirildi. Daha öncəki aylarda ABŞ, Çin və Rusiya liderləri ikili görüşlər keçirmişdi. Buna görə də tarixdə ilk dəfə baş tutan bu üçlü görüşdən gözləntilər var idi…

– ABŞ, Rusiya və Çin liderlərinin görüşü böyük dövlətlərin kompromis yolu ilə dünyanı öz aralarında bölüşməsi kimi şərh olundu. Bəziləri bu görüşü “Yalta 2.0” kimi təsvir etdi. Bu cür şərhləri şişirdilmiş hesab edirəm. Bu formatda ilk belə görüş idi. Bununla yanaşı, tərəflər, əslində, zirvə görüşünə hazırlaşmamışdılar. APEC-ə üzv olan dövlətlər beynəlxalq məsələləri müzakirə etmək üçün 33-cü zirvədə bir araya gəlmişdi.

– Görüşdən sonra Trampın “Putin səhvən Polşa ərazisinə dronlar və bir neçə kiçik raket göndərib” deməsi, İrana genişmiqyaslı zərbələr endirilməsi ilə bağlı qərarı təxirə salması nədən xəbər verir? Liderlər hansı məsələlərdə razılığa gələ, güzəştlər əldə edə bildilər? Yeni dünyada bizi hansı proseslər gözləyir?

– İlk olaraq, dövlətlərin prioritetləri çox fərqlidir. Tramp üçün əhəmiyyətli olan Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin yenilənməsidir. ABŞ administrasiyası 2026-cı ildə müddəti bitəcək müqaviləni Çin Xalq Respublikasını da əhatə edəcək şəkildə yeniləmək istəyir. Bundan əlavə, İrana dəstəyin kəsilməsi və ya məhdudlaşdırılması, Rusiya ilə Çin arasında əməkdaşlığın pozulması da Vaşinqton üçün əhəmiyyətlidir.

Çin administrasiyasının prioritetləri beynəlxalq ticarətdəki maneələrin aradan qaldırılması, tariflərin, kvotaların və qeyri-tarif maneələrinin kommersiya və iqtisadi fəaliyyətə mane olmamasını təmin etmək, qazıntı yanacaqlarının tədarükündəki problemlərin aradan qaldırılması və nəhayət, Tayvan məsələsini əhatə edirdi.

Zirvə görüşündən əvvəl Putinin prioritetlərinin başında böyük dövlət statusunu bərpa etmək gəlirdi. İki müharibə arasındakı dövrdə dünyanın supergüclərindən biri olan Rusiya Federasiyası bu statusu bərpa etmək üçün əsrin dörddə biri ərzində aqressiv və təcavüzkar siyasət yürütmüş və keçmiş SSRİ ölkələrini özünün arxa bağçası kimi müəyyən edən təhlükəsizlik strategiyası qəbul etmişdir. 2008-ci ildə Gürcüstana, 2014 və 2022-ci illərdə isə Ukraynaya müdaxilə edən Moskva administrasiyası Polşanı və Baltikyanı ölkələri də açıq və ya gizli şəkildə təhdid edirdi. Putin müxtəlif açıqlamalarında 1997-ci il status-kvosuna qayıtmaqdan danışıb. Rusiya üçün Şencen sammiti həm də beynəlxalq təcriddən çıxış yolu kimi baxılırdı.

Sammitdən sonra verilən kommunikeyə baxdıqda, dörd məsələ diqqət çəkir. Birincisi, BMT sisteminin islahatı; sonra nüvə silahlarının məhdudlaşdırılması və qlobal enerji təhlükəsizliyi; və nəhayət, Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması. Tərəflərin bütün bu məsələlər üzrə hərtərəfli müzakirələr apardığını və tam razılığa gəldiyini demək olmaz. Bu baxımdan, sammiti “xəyal qırıqlığı”, yaxud “böyük fiasko” da adlandırmaq olar. Sammitin kommunikesində sülh və təhlükəsizliyə vurğu edilməsinə baxmayaraq, onların İran-ABŞ və Rusiya-Ukrayna münaqişələrindən xüsusi olaraq bəhs etməkdən yayındıqları görünür.

BMT-də islahatlara gəldikdə, Təhlükəsizlik Şurasının üç daimi üzvünün mövcud vəziyyəti dəyişdirəcək heç bir addım atması gözlənilmir. Əslində, BMT sistemində islahat keçmiş baş katib Kurt Valdheymin dövründən bəri davamlı olaraq müzakirə olunur, lakin heç bir dəyişiklik edilməyib.

Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi (START) ilə bağlı heç bir konsensusa gəlinmədiyi aydın olur. Çin yenilənmiş müqavilənin tərəfi olmaq təklifini qəbul etməyib. Lakin mətndə bu nüvə məsələsinin vurğulanması 1968-ci il NPT – Nüvə silahlarının Yayılmaması haqqında Müqaviləyə sadiqlik kimi qiymətləndirilməlidir. Çin Xalq Respublikasının qlobal enerji təhlükəsizliyi ilə bağlı narahatlığı Hörmüz boğazını açıq saxlamaqla məhdudlaşır. Ukrayna-Rusiya müharibəsinin sona çatması Pekin administrasiyası üçün prioritet deyil. Əksinə, bu müharibə Çin hökumətinə İrandan daha əlverişli qiymətlərlə qazıntı yanacaqları (neft, təbii qaz və kömür, -red) almağa imkan verir. Putin dolayı yolla, Avropaya təbii qaz axınının davam etməsini təmin etmək üçün işğal olunmuş Ukrayna ərazilərinin Rusiyanın nəzarətində qalmasını təklif edir. NATO-nun Avropalı tərəfdaşları ilə ABŞ arasında bu məsədə ciddi fikir ayrılıqları var və bunun qısa müddətdə aradan qalxacağı gözlənilmir.

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) səlahiyyətlərinin məhdudlaşdırılması məsələsinə gəldikdə, tərəflər tam razılığa gəlmiş kimi görünürlər. 2023-cü ilin mart ayında Məhkəmə Putin haqqında həbs qərarı çıxardı. Məhkəmə, həmçinin, Qəzza müharibəsi zamanı İsrailin Baş naziri Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant haqqında da oxşar qərarlar çıxardı. Bu son maddə Putin üçün qazanc kimi şərh edilə bilər. Bununla belə, 2002-ci ildən bəri Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən BCM-i təsis edən Roma Statutunda (Roma Müqaviləsində) 125 dövlətin iştirakçı olduğunu da unutmamaq lazımdır. Hətta üç lider BCM-in ləğvi və ya təsis sənədinin yenidən işlənməsi barədə razılığa gəlsə belə, bunu həyata keçirmək mümkün olmayacaq.

irfan

İrfan Kaya Ülger

– Putinin qarşılanma mərasimi, ümumi fotoda mərkəzdə yer almaması kimi məqamlar Rusiyanın gücünün azalmasına işarə edən mesaj kimi mətbuatda təqdim olundu. Digər tərəfdən, Avropa İttifaqı (Aİ) Ukraynaya 1 milyard avroluq hərbi yardım ayırıb və görünür, müharibə hələ davam edəcək. Rusiyanın zəifləməsi Cənubi Qafqazdakı sülh prosesi və Azərbaycan üçün bir fürsətdir, yoxsa yeni dünya düzəni alternativ riskləri də özü ilə gətirməkdədir? Azərbaycan bu üç dünya gücü arasında balansı qorumaqla bərabər, başqa nəyə diqqət yetirməlidir?

– 1991-ci ildə SSRİ-nin dağılması ilə müstəqillik qazanan Azərbaycanın o dövrdən bu günə qədər milli gücünü təşkil edən elementlər baxımından əhəmiyyətli müsbət irəliləyişlər əldə etdiyi tamamilə aydındır. Bunun ən vacib göstəricilərindən biri 1990-cı illərin birinci yarısında Rusiyanın dəstəyi ilə işğal edilmiş Azərbaycan ərazilərinin 44 günlük müharibə nəticəsində azad edilməsidir. İkinci addım olaraq, 2023-cü ildə Qarabağ bölgəsindəki separatçılar ərazidən çıxarıldı. Beləliklə, SSRİ-nin varis dövlətlərində vaxtaşırı ortaya çıxan muxtar bölgələrdən ayrıca bir dövlət yaradılması layihəsi tarixin zibilliyinə atıldı və Azərbaycanın ərazi bütövlüyü möhkəmləndirildi. Bu gün Azərbaycan çoxşaxəli xarici siyasət yürüdür. Bir tərəfdən Rusiya Federasiyası ilə münasibətlərini qoruyur, digər tərəfdən isə İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, D-8 və İqtisadi Əməkdaşlıq Təşkilatı vasitəsilə geniş coğrafiyada mədəni, ticarət və siyasi əlaqələrini inkişaf etdirir.

10 noyabr 2020-ci ildə Moskvada imzalanmış atəşkəs müqaviləsinə əsasən mübahisəli məsələlərdə irəliləyiş əldə olunacağı təqdirdə, yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması gözlənilir. Türkiyə bu prosesi yaxından izləyir və Ermənistanla münasibətlərin yaxşılaşdırılmasının yalnız bu müqavilədən sonra mümkün ola biləcəyi mesajını verir.

– Əslində, Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıq “münaqişə deyil, tərəfdaşlıq” mesajının gerçəklikdə yansımasıdır. Yeni dünyada Azərbaycan hansı mövqedə dayanacaq?

– Hesab edirəm ki, Azərbaycan yeni dünya sisteminə sürətlə uyğunlaşır. 1996-cı ildən bəri Avropa Şurasında müşahidəçi kimi iştirak edən Azərbaycan 2001-ci ildə tamhüquqlu üzv olub. Geniş prizmadan baxdıqda, Azərbaycan hökuməti həm Rusiya Federasiyası, həm Avropa, həm də Türk və İslam dünyası ilə sıx əlaqələr saxlayır. Növbəti illərdə beynəlxalq siyasi sistemdə baş verən proseslərə paralel olaraq Azərbaycanın müasir dünyada mövqeyinin daha da güclənəcəyini deyə bilərik.

– Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, yeni konstitusiyanın mətni noyabrın 23-də dərc olunacaq. O, parlamentdəki müxalifət fraksiyalarını sənədin ümumxalq səsverməsinə çıxarılması üçün çatışmayan altı səsi təmin etməyə çağırıb. Paşinyan Ermənistan konstitusiyasına dəyişikliklər edilməsinə nail ola biləcəkmi? Xatırladım ki, hazırkı Ermənistan Konstitusiyasının istinad etdiyi Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları, həmçinin “erməni soyqırımı” məsələsi yer alır.

– Ermənistanın Baş naziri Nikol Paşinyan sülh razılaşmasına nail olmaq üçün çox çalışır. Lakin o, son seçkilərdə konstitusiyaya düzəliş etmək üçün lazımi səs çoxluğunu qazana bilməyib. Buna baxmayaraq, sülh razılaşmasına mane olan köhnə maddələrinin çıxarıldığı yeni konstitusiya Ermənistan parlamentinə təqdim olunacaq. Əgər o, müxalifətdən gözlənilən dəstəyi əldə edərsə, Ermənistanla Azərbaycan arasında sülh razılaşması imzalanacaq və paralel olaraq Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər bərpa olunacaq və sərhəd keçid məntəqələri açılacaq. “Qarabağ klanı” kimi də tanınan müxalifət qüvvələri Paşinyanı ölkənin milli maraqlarını nəzərə almamaqda ittiham edirlər. Xüsusilə, Sərkisyan-Köçəryan qrupu və onlarla paralel fəaliyyət göstərən digər müxalifətçilər Ermənistan konstitusiyasında və digər fundamental mətnlərdə Qarabağla bağlı müddəaların və Ararat (Ağrı) ifadəsinin çıxarılmasına qarşı çıxırlar. Nikol Paşinyanın konstitusiya dəyişikliyi ilə bağlı nəticə əldə edə biləcəyinə tam əmin deyiləm. Ermənistan parlamentindəki müxalifət qanadından bəzi millət vəkillərin dəstəyi təmin edilərsə, mühüm bir maneə aradan qaldırılacaq. Lakin hınçak-daşnak mənşəli ultra-millətçilərin bu prosesə mane olma ehtimalı hələ də qalır. Digər tərəfdən, erməni diasporunun bu məsələdə hansı mövqe tutacağı bəlli deyil. Bir şey aydındır: Putinin rəhbərliyi altındakı Rusiya sülh müqaviləsindən məmnun olmayacaq. Rusiya 10 noyabr 2020-ci ildə atəşkəs razılaşması prosesinə rəhbərlik etsə də, mövcud şərtlərdə sülhün əldə edilməsi ilə Zaqafqaziyadakı təsirinin azalacağını düşünür. Nikol Paşinyan müxtəlif çıxışlarında Gümrüdəki Rusiya bazasının ölkənin təhlükəsizliyinə töhfə vermədiyini və onun çıxarılmasını dəstəklədiyini bildirib. Lakin Moskvanın Ermənistan və bütövlükdə Cənubi Qafqaza baxışı tamamilə fərqlidir. Rusiya Federasiyası hazırda Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgəsini mərkəzi hökumətdən ayırıb və orada peyk administrasiyaları yaradıb. Ermənistanda Gümrü bazasını qorumaq və hətta Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasını istəyir. Azərbaycanda isə Rusiyanın yaratdığı “arsax respublikası” layihəsinin qarşısı 2023-cü ildə Qarabağın mərkəzinin üsyançılardan təmizlənməsi ilə alındı.

Gülnar Səlimova

İstanbul

Mənbə: globalinfo.az