Kreml lideri Xocalı cəlladının erməniləri Qarabağa qaytarmaq barədə müraciətinə nə cavab verəcək? - iki rəy
Ləğv edilmiş qondarma rejimin “təhlükəsizlik şurasının” keçmiş katibi Vitali Balasanyan Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edib. Xocalı qatili sonuncunun vasitəçiliyi ilə ermənilərin Qarabağa qayıdacağına ümid etdiyini bildirib.
Balasanyan bu il faşist Almaniyası üzərində Böyük Qələbənin 80-ci ildönümünün qeyd olunduğunu xatırladaraq, erməni xalqının da həmin böyük və ümumi qələbəyə öz qəhrəmanlıq töhfəsini verdiyini və Böyük Vətən müharibəsində iştirak edən ermənilərdən guya 90 min nəfərinin “artsax”dan olduğunu vurğulayıb.
“Bu gün Qarabağ erməniləri bir sıra şəraitə görə öz tarixi vətənlərindən məhrumdurlar və hesab edirik ki, bu ədalətsiz prosesi rus xalqı və Rusiya dövləti dəyişdirə bilər. Əsrlər boyu Rusiya imperiyası dəfələrlə erməni xalqına öz tarixi vətənində öz kimliyini və dövlətçiliyini qoruyub saxlamaq imkanı verib”, - deyə Qarabağdan qaçmış və Azərbaycan türməsinin darıxdığı Balasanyan çərənləyib.
Kreml lideri bu çağırışa reaksiya verəcəkmi? Rusiya erməniləri Qarabağa qaytarmağa cəhd edə və ya bu yöndə Azərbaycana təzyiqi göstərə bilər?
Günay Ağamalı
Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Balasanyanın Putinə Qarabağa qayıtmaq istəyini özündə ehtiva edən müraciəti məhv olmuş narrativləri diriltmək cəhdidir: “Siyasi təxribat xarakterli bu məktub açıq şəkildə Azərbaycana qarşı revanişt çağırışları özündə əks etdirir. Ölkəmiz 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində öz suveren ərazilərində hakimiyyətini bərpa edib və qlobal arenada qələbəmizin rəsmiləşdirilməsini yekunlaşdırıb. Beynəlxalq hüquqa əsasən Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bu məsələdə Rusiya da daxil olmaqla heç bir ölkənin statusu dəyişdirmək hüququ yoxdur. Buna görə də, Balasanyanın Kremldən Qarabağa ermənilərin qayıdışı üçün vasitəçilik gözləməsi reallıqdan uzaq, həm hüquqi, həm də siyasi baxımdan əsassızdır. Bu məsələ ilə bağlı istənilən qərar Azərbaycanın səlahiyyətləri çərçivəsindədir”.
Onun sözlərinə görə, təbii ki, Vitali Balasanyanın məktubu Rusiyanın rəsmi mövqeyini əks etdirmir: “Rəsmi Moskva məlum təyyarə qəzasından sonra ölkəmizə qarşı münasibətlərdə çox ehtiyatlı davranır və balanslaşdırılmış siyasət həyata keçirməyə üstünlük verir. Bu səbəbdən Rusiya tərəfindən hər hansı bir təzyiq göstərilməsi ehtimalı yoxdur. Nəticə etibarilə, bu tip manipuliativ cəhdlər daha çox psixoloji təsir yaratmaq məqsədi daşıyır və real nəticə yaradacaq siyasi təsirə malik deyil”.
Siyasi analitik Asif Nərimanlı hesab edir ki, indiki vaxtda Kreml Azərbaycanla münasibətləri risk altına atmaz: “Rusiya rəhbərliyinin belə çağırışlarına ümumiyyətlə reaksiya verilməyəcəyini düşünürəm. Çünki Moskva mövcud vəziyyətdə Bakı ilə münasibətlərini riskə atmaqdan çəkinir. Digər tərəfdən, Moskvada anlayırlar ki, Qarabağ məsələsi, ermənilərin ora yenidən qayıtması bağlanmış səhifədir. Mümkün olmayacaq bir məsələ üzərindən Azərbaycanla münasibətləri riskə ata biləcəklərini düşünmürəm. Hərçənd, Rusiyada separatçıları dəstəkləyən siyasi xətt tamamilə sıradan çıxmayıb. Bu dəstək həm Bakıya qarşı lazım olacağı təqdirdə istifadə edilmək üçün rıçaqların saxlanılması, həm də Ermənistan daxili siyasətində təsir imkanı kimi istifadə edilmək üçün davam edir. Fikrimcə, Balasanyanın çağırışına reaksiya verməyən Rusiya bundan diplomatik danışıqlarda ”separatçılar istəsə də, dəstək vermədik" deməklə Azərbaycana “jest etdiyini” göstərmək üçün istifadə edə bilər".
Cavanşir Abbaslı
Mənbə: musavat.com