“Azərbaycan həqarət doğuran addımları cavabsız qoymayacaq”

“Azərbaycan həqarət doğuran addımları cavabsız qoymayacaq”

Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluq və strateji müttəfiqlik üzərində qurulub və bu xətt davam etməkdədir. Elə dünən Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu bunu bir daha təsdiq edib.

“Əminəm ki, Azərbaycanla Rusiya arasında bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq”, - Rusiya lideri Vladimir Putin bildirib.

Dünən həm də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana səfər edib, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qəbul edilib. Görüşdə pravoslav icmasına Azərbaycanda göstərilən qayğı və s. barədə danışılıb. “Əgər Rusiya-Azərbaycan münasibətlərindən danışırıqsa, mənə elə gəlir ki, indi hər şey çox yaxşı inkişaf edir. Tanrı qismət eləsin ki, bu, belə də davam etsin”, - Kirill bəyan edib.

Və ardınca nə baş verir?

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, V.Putinin və patriarxın qeyd olunan fikirlərinin ardınca isə Rusiya Azərbaycana qarşı həqarətli addım atır.

Sanki Kremldə müəyyən qüvvələr, dairələr iki ölkə arasında münasibətlərdə soyuqluq yaratmaq, bir növ yeni gərginlik səhifəsi açmağa çalışırlar. Məsələ ondadır ki, Rusiya tərəfinin dəvəti ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün qonşu ölkəyə səfər edib.

Lakin heyətinin tərkibinə daxil olan Milli Məclisin deputatı Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. Ona rəsmən bildirilib ki, Rusiya ərazisinə girişinə qadağa qoyulub. Bu zaman hətta adi etiket qaydaları kobudcasına pozulub. Adətən sivil ölkələrdə bu cür addımlar atıldıqda adətən hansısa bir səbəb göstərilir. Lakin Azər Badamova hər hansı bir səbəb göstərməkdən boyun qaçırılıb. Bəs ona qarşı bu cür addım atılmasının səbəb nədir? Çox güman ki, bu, onun deputat fəaliyyəti ilə bağlıdır.

Yeri gəlmişkən, artıq Azərbaycan XİN dərhal məsələ ilə bağlı bəyanat yayıb: “Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb”. Əlavə edilib ki, məsələ ilə əlaqədar, dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. “Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik”, - XİN-dən bildirilib.

Azər Badamov

Özü də Azər Badamova qarşı addım faşizm üzərində qələbənin 80-ci ildönümü ərəfəsində atılır və buna da diqqət yetirilməlidir. Deputata qarşı addımları atanlar unudur ki, Azərbaycanın qərarları sərt ola bilər. Yəni, deputat Azərbaycan dövlətini təmsil edir və ona qarşı belə tərbiyəsizlik, diskriminasiya dövlətə qarşı addım kimi qiymətləndirilə bilər.

Ehtimal ki, Azər Badamova qarşı yol verilən addım onun rusiyalı həmkarı Nikolay Valuyevin azərbaycanlılara qarşı söylədiyi həqarət dolu fikirlərə cavab verməsi olub. A.Badamov azərbaycanlıları təhqir edən “Vahid Rusiya” partiyasından olan deputat Nikolay Valuyev azərbaycanlıları “şobla”(banda) adlandırmasına sərt reaksiya verib:

“Bu təyin ilk növbədə, Valuyevin özünü xarakterizə edir. Üstəlik, “banda”nın orta nümayəndəsini bədii şəkildə təsvir etməyə çalışsaq, Nikolay Valuevin portreti bunun üçün ən uyğun olardı. Bu məxluqun antropoloji tipinə baxmaq kifayətdir ki, o, təkamülün çıxılmaz qolunun nadir eksponatıdır, inkişafında Neandertal və Homo sapiens arasında bir yerdə ilişib qalıb. Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir”.

Bəli, əminliklə demək olar ki, üzdəniraq Azərbaycanfob deputata cavaba görə deputatımıza qarşı həqarətə yol verilib. Deputatımız da bir vətəndaş və millət vəkili olaraq təhqirə cavab verməli idi və verib də. İndi də Rusiya tərəfi Valuyevin bəyanatına qarşı adekvat cavab verən deputatı bu formada cəzalandırmaq istəyib. Bəyanat verildikdən sonra da qarşı tərəfdən hər hansı bir reaksiya daxil olmayıb.

Azər Badamova qarşı atılan bu addımı Rusiyanın müxtəlif dairələrinin özbaşınalığı kimi qəbul etmək olar.

Kremlin imperialist dairələrinin son vaxtlar bu istiqamətdə addımlarının sayı da artıb. Bunu da onların tərkib hissəsi saymaq olar. Azərbaycan da daxil olmaqla, MDB ölkələrindən olan insanlara qarşı ayrı-seçkilik, fiziki zor tətbiqi və diskriminasiya hallarının artdığını müşahidə edirik.

Ümumiyyətlə, son vaxtlar Kremlin keçmiş sovet respublikalarından olan insanlara qarşı zorakılıqları, təzyiqləri, diskriminasiya hallarının artdığı müşahidə edilir. Sosial şəbəkələrdə Rusiya polisinin Mərkəzi Asiyadan olan miqrantlara qarşı zorakı hərəkətlərinin əks olunduğu görüntüləri yada salaq.

Maraqlıdır ki, postsovet məkanına daxil olan ölkələri içərisində yalnız erməni miqrantlara “gözünün üstündə qaşın var” deyən yoxdur. İrəvanda Rusiya bayraqları yandırılır, Rusiya və ruslara qarşı ən sərt addımlar, şüarlar səslənir və Moskva da heç nə baş verməmiş kimi susur. Ermənistan vətəndaşlarına, ermənilərə xüsusi diqqət və qayğı göstərilir, onların törətdiyi ən ağır əməllər ört basdır edilir.

Hər halda ümid etmək olar ki, deputata qarşı atılan bu həqarət dövlətin mövqeyi deyil, hansısa bir qurumun özbaşınalığının nəticəsidir. Əgər belə olmadığı təsdiqini taparsa, o zaman Azərbaycan tərəfindən də adekvat addımlat atılması mümkündür.

Azərbaycan müstəqil dövlətdir və heç kimin də bu cür həqarət doğuran addımlarını cavabsız qoymayacaq.

Yuxarıda da qeyd etdiyimiz kimi, əgər Rusiya bu gün iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən danışırsa, bu kimi addımlar yolverilməzdir. AZAL-a məxsus təyyarənin Rusiya tərəfindən vurulması ilə bağlı rəsmi Bakının mövqeyini yada salaq.

Bütün bu xoş münasibət fonunda gözəgörünməz qüvvələr var ki, hər vəchlə ikitərəfli münasibətlərə xələl gətirməyə çalışır və qaşınmayan yerdən qan çıxartmağa cəhd göstərirlər.

Digər mühüm bir məsələ - “Rus evi”nin Bakıda qanunsuz fəaliyyət göstərməsi ilə bağlı atılan addımlardan sonra Azərbaycanın nüfuzu media strukturlarına kiberhücumların da Rusiya ərazisindən həyata keçirildiyini də yada salaq. Və silsilə kiberhücumlar Rusiya tərəfindən edildiyi real faktlarla, sübutlarla təsdiq olundu.

Sonda sadəcə qeyd etmək istərdik ki, Rusiyanın azərbaycanlı deputata qarşı bu rüsvayçı hərəkətinin heç bir məntiqi yoxdur. Sadəcə görünən odur ki, Kremldə müəyyən qüvvələr ölkə üçün yeni problem, Cənubi Qafqazın ən güclü və qüdrətli, ən əsası müstəqil dövləti ilə münasibətlərə xələl gətirməyə çalışır. Hər halda ümid etmək olar ki, rəsmi Moskva yol verdiyi hərəkətə görə hər hansı bir izahat və yaxud üzrxahlıq edəcək.

Mənbə: qafqazinfo.az