Əliyevdən “Qafqazın Hirosiması” ilə bağlı mühüm mesaj – 24 illik “status” dəyişdi

Əliyevdən “Qafqazın Hirosiması” ilə bağlı mühüm mesaj –

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri çərçivəsində növbəti dəfə Ağdam rayonuna səfər edib.

Dövlət başçısı Ağdamda həyata keçirilən infrastruktur layihələri ilə tanış olub, bir sıra yeni obyektlərin açılışında iştirak edib və bölgənin inkişaf perspektivlərinə dair mühüm mesajlar verib. Prezidentin Ağdama səfəri və burada görülən quruculuq işləri xüsusi diqqət çəkib.

Politoloq Qabil Hüseynli deyib ki, Prezident İlham Əliyevin Ağdama son səfəri ciddi mahiyyət daşıyır:

“Bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonrakı tarixi mərhələnin təntənəli nümayişidir. Ağdam uzun illər erməni işğalında olub və Qarabağın bəlkə də ən çox dağıntıya məruz qalan ərazisidir. Təsadüfi deyil ki, bu gün Ağdam həm də ‘Qafqazın Hirosiması’ kimi tanınır. Prezidentin həmin torpaqlara ayaq basması, dövlət rəmzlərinin orada olması böyük siyasi, strateji və mənəvi önəmə malikdir.

qabil huseynli esas
Qabil Hüseynli

Prezident İlham Əliyev Ağdama hər səfərində təkcə infrastruktur layihələrinin təməlini qoymur, eyni zamanda bu bölgənin gələcəyinə olan inamı da bərpa edir. Hər açılış, hər yeni məktəb, mədəniyyət ocağı, yol və xəstəxana, təkcə fiziki bərpa deyil, eyni zamanda milli ruhun dirçəlişidir. Aparılan quruculuq işləri göstərir ki, Azərbaycan öz torpaqlarını yalnız azad etməklə kifayətlənmir, eyni zamanda onları yenidən dirçəltmək əzmindədir.

Fikrimcə, bu səfər həm də bir mesajdır. Azərbaycan dövləti işğaldan azad olunmuş əraziləri boş buraxmayacaq, buranı özünün strateji, mədəni və iqtisadi mərkəzinə çevirəcək. Bütün dünya artıq görür ki, torpaqlarımız dirçəlir, oralara həyat qayıdır və bu, yalnız başlanğıcdır. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, təkcə qalib sərkərdə deyil, həm də qurucu liderdir”.

Politoloq Züriyə Qarayeva da vurğulayıb ki, Ağdam Azərbaycanın ən çox dağıntıya, vandalizmə məruz qalan ərazisi idi:

“2001-ci ildə işğal altında olan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal dağıdılmış məscidin minarəsini ziyarət edərkən dağıntıların miqyasına görə Ağdamı 1945-ci ildə ABŞ-ın atom bombası nəticəsində dağılmış Yaponiyanın Hirosima şəhərinə bənzətmişdi. Bundan sonra Ağdamı simvolik olaraq “Qafqazın Hirosiması” adlandırdılar. Ancaq bu səfərdə biz tamamilə yeni Ağdamın şahidi olduq.

zuriye qarayeva
Züriyə Qarayeva

Ötən beş ilə yaxın müddət ərzində Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanıb, bura mütəxəssislər cəlb olunub, infrastruktur layihələrinin planlı şəkildə icrasına başlanılıb, inzibati binalar, sosial obyektlər, yollar və digər quruculuq işləri üçün hazırlıqlara start verilib. Bu səfər göstərdi ki, həmin hazırlıqlar ən yüksək səviyyədə yerinə yetirilib, ortaya unikal işlər qoyulub.

Bəhs etdiyimiz səfər Ağdamda çoxyönlü bərpa-tikinti işlərinə yenidən nəzər yetirməklə yanaşı, ümumi fəaliyyətin qlobal səciyyəsini ortaya qoydu. Dünyaya göstəririk ki, qurmaq, yaratmaq, abadlaşdırmaq elə bizim əsl missiyamızdır. Bu torpaqlar bizimdir, öz ərazimizdə bərpa işləri görürük. Vandal xislətli millət isə ancaq dağıntılarla yadda qala bilərdi”.

Turan Rzayev

Mənbə: globalinfo.az