Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Azərbaycana səfər edəcək. Liderlər səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirak edəcək.
Ekspertlər bu səfəri mövcud Rusiya-Azərbaycan gərginliyi fonunda diqqət çəkici hesab edir və üç liderin bir araya gəlməsinin həm də Azərbaycana təzyiq göstərən ölkələrə mesaj mahiyyətli olduğunu bildirirlər.
Siyasi şərhçi Asif Nərimanlı deyib ki, Türkiyə və Pakistan liderlərinin Laçından sonra Xankəndiyə gəlişi, ümumiyyətlə, İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün burada keçirilməsi hər şeydən öncə Qarabağın – azad olunmuş ərazilərin beynəlxalq siyasətə ev sahibliyi mövqeyini gücləndirir və təbii ki, həm də Azərbaycana qarşı artıq məhv edilmiş ərazi iddialarının perspektivlərini sıradan çıxarır:
“Bu səfər Türkiyə-Azərbaycan-Pakistan xəttində strateji əməkdaşlığın güclənməsi, hələ qeyri-rəsmi olsa da, üçlü ittifaqın təməllərinin atılmasında əhəmiyyətli rol oynayacaq. Burada əsas məqamlardan biri Azərbaycan-Rusiya gərginliyi fonunda Ərdoğan və Şərifin məhz Xankəndiyə gəlişidir”.
Asif Nərimanlı
Ekspert bildirib ki, Yekaterinburqda baş verənlər Rusiyanın Azərbaycana təzyiqidir:
“Azərbaycan bu təzyiq qarşısında müqavimətini davam etdirir. Türkiyə və Pakistan liderlərinin səfəri Azərbaycanın Rusiya qarşısında mövqeyini daha da gücləndirə, Moskvanı Bakıya qarşı hücumlarda iki dəfə düşünməyə vadar edə bilər. Səfərin Xankəndiyə edilməsi Bakı-Moskva xəttindəki gərginliyin daha bir detalına diqqət çəkir. Rusiya Xankəndidə konsulluq açmaq niyyətini rəsmi şəkildə gündəmə gətirib, Azərbaycan bunu qəbul etmir. Hazırki gərginliyin alt qatında yatan səbəblərdən biri də budur. Ərdoğan və Şərifin gəlişi Rusiyaya konsulluq açmaq istədiyi Xankəndidən cavab mesajı ola bilər”.
Turan Rzayev
Mənbə: globalinfo.az