Bir neçə ay əvvəl Abşeron rayonu Güzdək qəsəbəsində 19 yaşlı qızına yumruqla zərbələr endirərək xəsarətlər yetirmiş 1977-ci il təvəllüdlü Süleyman Əhmədovun (adlar şərtidir) məhkəməsi keçirilib.
O, Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələri ilə təqsirli bilinib.
Məlum olub ki, S.Əhmədov mütəmadi olaraq evdə dava-dalaş salıb. O, bir neçə dəfə doğma qızlarına qarşı fiziki zorakılıq edərək döyüb və müxtəlif formada əzab verib.
Hadisə günü isə Süleyman arvadına hücum edərkən onun kiçik qızı araya girib və anasını qorumağa çalışıb. Bu zaman o, övladına yumruqla 2 zərbə endirərək burnunu sındırıb, həmçinin digər xəsarətlər yetirib. Hadisə ilə bağlı polisə müraciət edildikdən sonra S.Əhmədov barəsində cinayət işi başlanılıb, o həbs edilib.
Zərərçəkmiş şəxs məhkəmədə hadisəni belə təsvir edib: “Biz ailədə 3 uşağıq. Böyük qardaşım hazırda Rusiyada ali təhsil alır. Evdə atam, anam və bacımla birgə yaşayırıq. Anam Abşeron rayonundakı məktəblərdən birində müəllim işləyir, atam isə “Sədərək” ticarət mərkəzində özünə məxsus avtomobillə yük daşımaqla məşğul olur. Bacım Bakıdakı universitetlərdən birinin 4-cü kurs tələbəsidir. Uşaqlıqdan atamın tez-tez anamla münaqişələr etdiyini, onu incitdiyini görmüşəm. Biz böyüyəndən sonra atamın anamı incitməsi və döyməsinə etiraz etdikdə, o hər dəfə məni və bacımı döyürdü.
Lakin ailədaxili mübahisələr və qohumlar arasında biabır olmamaq üçün atamdan şikayət etməmişik. Atamın xasiyyəti tünddür, hər şeydən əsəbiləşir və yersiz mübahisələr edir. Demək olar ki, bu mübahisələr hər həftə baş verir. Hər dəfə münaqişə edərkən mənə fiziki və psixi iztirablar verib. Atam hər işimizə müdaxilə edib, geyimlərə və digər davranışlara yersiz iradlar tutaraq münaqişə yaradıb. Hər dəfə məni döysə və xəsarət yetirsə də, atam olduğuna görə şikayətçi olmamışam.
Hadisələrdən birində atam həmişəki kimi anamla mənim təhsil haqqımın ödənilməsi ilə bağlı münaqişə etdi. Bu vaxt anamı vurmaması üçün ona mane olmaq istəyəndə yumruqla göz nahiyəmə vuraraq xəsarət yetirdi. Atam pullu ixtsasda oxumağımı stəmirdi. Bu hadisədən sonra onunla ünsiyyət saxlamırdım. Çünki mənim və bacım barədə təhqiramiz sözlər işlətmişdi. Ancaq yenə də şikayət etmirdim.
Sonuncu dəfə bu ilin fevralında atam işdən evə qayıdandan sonra saat 23 radələrində anamla yenə dava saldı. Həmin gün bacım saat 16 radələrində Bakıdan - universitetdən qayıdarkən hava şəraitinin pis, yolun bağlı olması səbəbindən anam ona xalamgilə getməsini məsləhət görmüşdü. Çünki qəsəbəyə avtomobil də gəlmirdi. Bu səbəbdən bacım Qaradağ rayonu Sahil qəsəbəsinə xalamgilə getmişdi. Atam evə gələrək bacımın ondan xəbərsiz xalamgilə getməsinə görə münaqişə yaratdı və onu söydü. Anama hücum edib vurmaq istəyəndə araya girdim və mənə zərbələr endirdi, burnumu sındırdı. Bundan sonra artıq bezib polisə müraciət etdik”.
Təqsirləndirilən şəxs isə ifadəsində qızını qəsdən vurmadığını, onu sadəcə itələdiyini və bu zaman yıxılaraq xəsarət ala biləcəyini deyib.
Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş qız atasının 9 aydır həbsdə saxlanıldığını deyərək ondan artıq şikayətçi olmadığını bildirib.
Məhkəmə tərəflərin barışmasını və digər halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası verib. Onun üzərinə elektron qolbaq yerləşdirilib və məhkəmə zalından sərbəst buraxılıb.
Mənbə: qafqazinfo.az