“Sabah” Avropa Liqası 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Sloveniyanın “Çelye” klubunu qəbul edəcək.
Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Şadam ki, oyunöncəsi mətbuat konfransında bu qədər insan görürəm. Avropada bu cür oyunlar çox önəmli və həyəcanlı olur. Həyəcanla və səbirlə bu matçı gözləyirik. Rəqibin böyük təcrübəsi var. Keçən mövsüm çox sürprizlər ediblər. Bilirik ki, "Çelye" ötən mövsüm Konfrans Liqasında irəliləyib. Çox güclü rəqibdir. Amma məşqçilər korpusu, klub olaraq bu oyunu böyük səbirsizliklə gözləyirik. Əlimizdən gələni edəcəyik. Bütün azarkeşlərimizi stadiona dəvət edirik. Söz verirəm ki, ən yaxşı performansımızı göstərməyə çalışacağıq. Çalışacağıq ki, ilk oyun üçün yaxşı nəticə əldə edək.
- Azərbaycana gəlişiniz necə alındı? "Sabah"ın təklifi ilə tez bir zamanda razılaşdınız?
- Belə vəziyyətlərdə çox tez qərar verirsən. "Sabah" təklif göndərəndə, başqa klubla müqaviləm var idi. "Sabah"ın çox iddialı olması qərarıma çox təsir etdi. Bilirəm ki, klub 8 ildir yaranıb. Çox uğurlar əldə ediblər. Ötən mövsüm kuboku qazanıblar. Klubun iddiası məni cəlb etdi ki, bura gəlim. İnanıram ki, 4-cü gün uğurlu çıxışla irəli addım atmış atacağıq.
- "Sabah" nəyin hesabına "Çelye"ni keçə bilər?
- Bu tip oyunlarda xırda detallar çox şeyi həll edir. Rəqibi analiz edirik. Onlar keçən illə müqayisədə 5-6 önənli oyunçusunu itirib. Sadəcə 1 yoldaşlıq görüşü keçiriblər. Onların nəyə qadir olduğunu demək hələ çətindir. Bizim üçün müsbətdir. Bu dönəmdə bütün komandalar bərabər səviyyədə olur, komandaların oyun təcrübəsi olmur. Komandamı toplanışda gördüm, uşaqlar çox istəklidirlər. Mənim üçün ən əsası bunlardır. İnanıram ki, belə davam etsək, inanaraq işləsək, uğurlu nəticələr olacaq.
- "Omoniya"nın baş məşqçisi kimi "Zirə"ni keçərək, Konfrans Liqasında qrupa düşmüsüz. Hazırkı komandanızda bu potensialı görürsüz?
- İki komandanı müqayisə etmək düzgün deyil. Amma öz komandamda bu potensialı görürəm. Komandamız hərəkətli, aktiv, modern oyun oynayır. Həmişə çalışıram ki, meydanda dominant tərəf biz olaq. Məşqçi kimi hücum futbolu oynatmağı sevən biriyəm. Çox istəyirəm ki, komandam 1 qoldan sonra 2-ci qolu vurmaq istəsin.
- "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis sizin komandaya gəlmənizdə önəmli rol oynadı. Onunla söhbət etmişdiniz?
- Xeyr. Danışmamışam. Çünki mən klubun rəhbərliyini tanıyıram. Çalışacam əlimdən gələni edim ki, klubun iddialarının bir parçası olum.
- Həm siz, həm də Stas Pokatilov bildirdi ki, oyunu səbirsizliklə və həyəcanla gözləyirik. Bu həyəcan və səbirsizlik oyunun gedişində sizə mənfi təsir etməz ki?
- Əlbəttə ki, birinci və ya axırıncı oyunda əsəbilik olur. Birinci matçda daha çox olur. Rəqibi tanımırsan, amma 5-10 dəqiqə sonra bu itir. Bu da normal haldır. Tamamilə həyəcanlı deyiləm, narahatlıq keçirmirəm, əsəbi deyiləm. İki həftə ərzində çox yaxşı məşq etmişik. İstəyərdim ki, daha da əlavə məşqlərimiz olsun. Öz komandama inanıram. Biz bu oyuna inanırıq.
- Avstriyadakı toplanışda iki oyunda 5 qol vurub, 5 qol buraxmısız. Beş qol buraxmağınız müdafiədəki problemlərdən xəbər verir?
- Yoldaşlıq görüşləri bizim üçün önəmlidir. Hər zaman güclü rəqiblərlə qarşılaşmağa önəm verirəm. Belədə, öz problemlərimizi görə bilirik. Bu, mənim oyun tərzimdir. Güclü rəqiblərlə oynamaq istəyirəm. Səhvləri oyunçulara göstəririk. Onlara göstərim ki, nələri səhv etmişik. Yoldaşlıq görüşlərində 3:0 udacağıqsa, nəyi analiz edəcəyik, hansı zəif cəhətlərimizi onlara göstərəcəyik? Rəsmi matçlarda bu cür problemlərlə qarşılaşa bilərik. Uşaqlar da çox xoşbəxt idilər. İki oyunda da çox qol vura bilərdik. Hər şey istədiyimiz kimi mükəmməl deyil. Vaxtımız çox deyil. Amma oyunçularıma çox inanıram.
- Ötən mövsüm komanda çempionatda uğurlu olmadı, kuboku götürərək avrokuboklara yollandı. Komandada nəyi dəyişmək istəyirsiz?
- Biz hər şeyin fərqindəyik. Keçən il birinci yerdəki komanda ilə xal fərqimiz 41 olub. Addım-addım böyümək istəyirik. Fərqi yavaş-yavaş aradan qaldırmağa çalışırıq. İki həftə ərzində çox pozitiv şeylər gördüm. Uşaqlara deyirəm ki, qorxamadan oynasınlar, səhv etməkdən qorxmasınlar. Onlara demişəm ki, səhvə görə onları danlamayacam. Sadəcə reaksiyaları düzgün verməliyik. Oyunçular arasında münasibət də önəmlidir. Eyni cinahda oynayan futbolçuların bir-birini başa düşməsi çox önəmlidir. Bütün komponentləri birləşdirmək lazımdır. Məşqdən-məşqə inkişaaf etməyi, artırmağı sevən məşqçiyəm. Hər şeyə addım-addım getməliyik.
- Azərbaycan millisinin qapıçısı Yusif İmanovda nələri gördüz ki, həm toplanışa aparmadız, həm də UEFA-nın sifariş ərizəsinə daxil etmədiz?
- Bu qərar mənim komanda ilə işləməyimdən öncə verilmişdi. Bu barədə nəsə şərh verə bilmirəm.
Mənbə: qafqazinfo.az