Türkiyədən Aİ-yə sərt tələblər - Xüsusi işçi qrup yaradıldı

Türkiyədən Aİ-yə sərt tələblər - Xüsusi işçi qrup yaradıldı

Türkiyə Avropa İttifaqına Şengen vizalarının rəsmiləşdirilməsi prosedurunun sadələşdirilməsi, müraciətlərə baxılma müddətinin qısaldılması və tələb olunan sənədlərin sayının azaldılması tələbi ilə müraciət edib. Ankara, həmçinin öz vətəndaşları üçün viza məhdudiyyətlərinin tamamilə aradan qaldırılmasına nail olmağa çalışır.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Məsələ noyabrın 18-də Ankarada Şengen əməkdaşlığı üzrə yerli qrupun iclasında müzakirə olunub. Görüşdə Şengen zonasına daxil olan ölkələrin nümayəndələri, Avropa İttifaqının və Avropa Komissiyasının nümayəndə heyətləri iştirak ediblər. Məsləhətləşmələrə ilk dəfə Türkiyə Xarici İşlər Nazirliyinin və Avropa Komissiyasının nümayəndələri də qoşulublar.

Türkiyə tərəfi ölkənin müxtəlif sahələrdə Avropa İttifaqı ilə sıx inteqrasiyasına diqqət çəkərək, vətəndaşların giriş icazələrinin rəsmiləşdirilməsi zamanı üzləşdikləri çətinliklərin aradan qaldırılmasına çağırıb. Xüsusilə, Ankara sənədlərin təqdim edilməsi üçün növbə götürmə prosedurunun sadələşdirilməsini, müraciətlərə baxılmasının sürətləndirilməsini və tələb olunan arayışların siyahısının qısaldılmasını təklif edib.

Şengen vizalarını əvvəllər əldə etmiş vətəndaşlara da xüsusi diqqət yetirilib. Türkiyə kaskad mexanizmi çərçivəsində daha uzun müddətə çoxdəfəlik vizaların verilməsi praktikasının genişləndirilməsinin tərəfdarı kimi çıxış edib.

Danışıqlarda Avropa istiqamətində fəaliyyət göstərən Türkiyə yük maşını sürücülərinin üzləşdiyi problemlər də müzakirə olunub. Ankara hesab edir ki, daşıyıcıların Şengen zonasında qalma müddətinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır. Bu məhdudiyyətlər Avropa İttifaqı ilə ticarət əlaqələrinə maneələr yaradır.

Türkiyə Xarici İşlər Nazirliyi sənədlərin təqdim edilməsi üçün növbə götürülməsindəki çətinliklərdən qazanc əldə edən qanunsuz vasitəçilərin fəaliyyətinə də diqqət çəkib. Nazirliyin məlumatına görə, ədliyyə, ticarət və daxili işlər qurumları ilə birgə bu cür şirkətlərə qarşı əməliyyatlar keçirilir. Əlaqəli şəxslərdən bəziləri barəsində məhkəmə araşdırmalarına başlanılıb.

Türkiyə hakimiyyəti tələbə vizalarının rəsmiləşdirilməsi sahəsində vəziyyətin yaxşılaşdığını da bildirib. Əvvəlki iki illə müqayisədə Avropa İttifaqına üzv ölkələrin universitetlərinə qəbul olan türkiyəli abituriyentlərin üzləşdiyi problemlər xeyli azalıb. 2026-cı ildə Xarici İşlər Nazirliyinə bu məsələ ilə bağlı yalnız məhdud sayda müraciət daxil olub.

Bundan əlavə, Avropa qurumları ilə aparılan məsləhətləşmələrin nəticəsi olaraq xüsusi işçi mexanizmi yaradılıb. Bu mexanizm Şengen zonasına daxil olan ölkələrin Türkiyədəki diplomatik nümayəndəlikləri tərəfindən mövcud viza prosedurlarına yenidən baxılmasını nəzərdə tutur.

Mənbə: publika.az