ABŞ prezidenti Donald Tramp bu ilin əvvəlində ticarət naziri Hovard Lutnikin maliyyəçi Ceffri Epşteynin şəxsi adasına vaxtilə etdiyi səfərlər və onunla əlaqələri barədə etiraflarından sonra onu vəzifədən uzaqlaşdırmağı nəzərdən keçirib.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb. Qəzetin mənbələrinin məlumatına görə, Lutnikin istefası məsələsi onun Donald Trampın prezident kitabxanasının yaradılmasına 25 milyon dollar ianə köçürməsindən sonra tamamilə gündəmdən düşüb. Məhz bu iri məbləğdə köçürmədən sonra dövlət başçısı nazirin işdən çıxarılması müzakirələrini dayandırıb.
Ağ Ev və ticarət nazirinin nümayəndələri hələlik "Wall Street Journal"ın bu xəbərini rəsmi şərh etməyiblər.
Qeyd edək ki, ABŞ Ticarət Nazirliyi tərəfindən həyata keçirilən beynəlxalq ticarət siyasəti, tarif rüsumları və sanksiyalar fonunda daxildə gedən bu gizli kadr sövdələşmələri Ağ Evin ətrafında yeni siyasi və etik qalmaqallara yol açıb.
Mənbə: musavat.com