Avstraliyanın Yeni Cənubi Uels Ştat Assambleyasında Rayd seçki dairəsini təmsil edən 32 yaşlı Liberal Partiya üzvü Cordan Leyn parlamentdəki vida nitqi zamanı gözlənilməz addım ataraq, uzun müddətdir sevgilisi olan Nataliyə evlilik təklifi edib.
Siyasi karyerasını dəstəkləyənlərə təşəkkür edən Cordan Leyn çıxışının sonunda cibindən üzük qutusu çıxararaq parlament kürsüsündən üzünü Nataliyə tutub.
“Cənab Spiker, Rayd millət vəkili kimi son sualım böyük sevgilim Nataliyədir. Mənimlə evlənərsinizmi?”, - o bildirib.
Gözlənilməz təklif zalda alqışlarla qarşılanıb, Natalinin cavabı isə “bəli” olub. Təklifin qəbul edilməsindən sonra millət vəkili zarafatla sevgilisinin cavabının rəsmi parlament protokolunda qeyd olunmasını xahiş edib. Bildirilir ki, 10 ildən artıqdır birlikdə olan cütlük üçün bu çıxış əlamətdar hadisəyə çevrilib.
Cordan Leyn noyabrın 6-da 2027-ci ilin mart ayında keçiriləcək Yeni Cənubi Uels ştat seçkilərində yenidən namizəd olmayacağını açıqlamışdı. O, parlamentdəki vida nitqində siyasi fəaliyyətini yada saldıqdan sonra çıxışını bu sürpriz təkliflə yekunlaşdırıb.
Mənbə: qafqazinfo.az