Qardaş Türkiyə hökumətinə və xalqına müstəsna qonaqpərvərliyə və bu günə qədər keçirilən ən mütəşəkkil tədbirlərdən biri kimi xatırlanacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci Sessiyasının (COP31) yüksəksəviyyəli təşkilatçılığına görə dərin minnətdarlığımızı bildirirəm. COP29-a ev sahibliyi edən Azərbaycan 197 tərəf dövlət arasında konsensusa nail olmaq üçün tələb olunan səylərin ciddiliyini yaxşı anlayır.
Bunu COP31-un bağlanış sessiyasında ölkəmiz adından çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin İqlim diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev söyləyib.
Onun sözlərinə görə, beynəlxalq iqlim müzakirələrində həll yollarına nail olmaq xüsusi cəsarət və qətiyyət tələb edir. “COP31 Sədrliyi bütün tərəflərin fikirlərini dinləmək və razılaşdırılmış nəticə əldə etmək istiqamətində şəffaf və inklüziv mühit formalaşdırıb”, - deyən Azərbaycan rəsmisi Antalyada irəli sürülən təşəbbüslərin unudulmamalı və arxiv rəflərində qalmamalı olduğunu vurğulayıb.
E.Allahverdiyev qeyd edib ki, COP31-də müzakirə olunan elektrikləşdirmə, dayanıqlı şəhərlər və səhiyyə sistemi, ərzaq təhlükəsizliyi, metan emissiyalarının azaldılması kimi vacib sahələrə daha çox diqqət yetirilməlidir.
“Bu prioritetlər COP31-də diqqət mərkəzində olub və iqlim tədbirlərinin irəliləməsi üçün əhəmiyyətini nümayiş etdirərək geniş dəstək alıb. Əminik ki, COP31-in həm danışıqlar prosesi, həm də Sədrliyin əldə etdiyi nailiyyətlər növbəti illərdə birgə səylərimiz üçün dəyərli təməl yaradacaq və qlobal iqlim fəaliyyətinin irəlilədilməsinə mühüm töhfə verəcək”, - deyə diplomat qeyd edib.
Mənbə: publika.az