Son illərdə Cənubi Qafqazda strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi məsələsi təkcə regional deyil, həm də qlobal güclərin maraqlarının toqquşduğu əsas geosiyasi başlıqlardan birinə çevrilib. Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən bu layihə, regionda yeni nəqliyyat və kommunikasiya imkanlarının açılmasını vəd edir. Digər tərəfdən isə İran bunu milli təhlükəsizlik və geoiqtisadi maraqlar baxımından narahatlıq doğuran məsələ kimi qəbul edir.
Tehran uzun müddətdir ki, Zəngəzur dəhlizinə ehtiyatla, zaman-zaman isə açıq şəkildə etirazla yanaşır. Bu layihəni “regionun sərhədlərinin dəyişdirilməsi cəhdi” və “İran-Ermənistan əlaqələrinin zəiflədilməsinə yönəlmiş addım” kimi qiymətləndirir. Lakin İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Bakıya səfəri iki ölkə arasında münasibətlərdə mümkün yumşalma və yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildi.
Bəs, bu səfər Zəngəzur dəhlizi məsələsində İranın mövqeyinə təsir göstərə bilərmi? Tehran neytrallaşdırılıb, yoxsa sadəcə diplomatik ritorika dəyişib?
Politoloq Vaqif Hüseyndeyib ki, İranın son zamanlar bu məsələ ilə bağlı mövqeyində müəyyən yumşalma müşahidə olunur:
“Hazırda regional konfiqurasiya dəyişib və görünür, Tehran da yeni reallığa uyğunlaşmağa çalışır. Xüsusilə də İranın Çin ilə yaxınlaşması, bu baxımdan diqqətçəkicidir. Çünki Pekin Zəngəzur dəhlizinin açılmasını dəstəkləyən əsas aktorlardan biridir. O mənada, İran Çindən aldığı müəyyən təminatlarla mövqeyini yumşaltmış ola bilər.
Vaqif Hüseyn
İran hələ də alternativ kommunikasiya marşrutları təklif etməklə öz maraqlarını qorumağa çalışır. Xüsusilə Türkiyənin Azərbaycan vasitəsilə Orta Asiyaya çıxış əldə etməsindən və regionda mövqelərini gücləndirməsindən narahatdır. Bu, əslində Tehranın uzunmüddətli strateji təşvişlərindən biridir. Yekun olaraq İranın yaxın perspektivdə xarici siyasət kursunda fundamental bir dəyişiklik edəcəyini düşünmürəm”.
“İranın Zəngəzur dəhlizi məsələsində tam neytrallaşdırıldığını demək hələ tezdir. Mövcud proseslər daha çox taktiki uyğunlaşma və diplomatik ritorikanın dəyişməsi ilə müşayiət olunur. Strateji səviyyədə dəyişiklik üçün isə Tehranı narahat edən əsas geosiyasi risklərin aradan qalxması vacibdir”, – politoloq əlavə edib.
Turan Rzayev
Mənbə: globalinfo.az