Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətni üzrə tam razılıq əldə olunduqdan sonra prosesdə müəyyən qədər durğunluq müşahidə edilir. Son olaraq İrəvan rəsmiləri yekun razılaşma üzrə sazişi imzalamağı təklif etsələr də, rəsmi Bakı ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsi kimi məsələlər həll edilmədən bunun mümkün olmadığını vurğuladı.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da sənədin imzalanması üçün bu iki tələbin yerinə yetirilməli olduğunu bir daha qeyd etdi. Lakin ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yaxın vaxtlarda müsbət irəliləyişlər ola biləcəyinə dair açıqlaması diqqət çəkdi.
Bakı və İrəvan arasındakı son vəziyyət nə yerdədir? Qısa zamanda sülh razılaşmasının əldə edilməsi nə dərəcədə mümkün görünür?
Siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Ermənistan Azərbaycanın təkliflərinə adekvat reaksiya vermədiyi üçün sülh danışıqları prosesində irəliləyiş yoxdur:
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov son açıqlamasında məsələ ilə bağlı real vəziyyəti düzgün şəkildə xarakterizə edib. Nazir vurğuladı ki, Ermənistan Minsk qrupunun ləğv edilməsi və konstitusiyasında Azərbaycana qarşı irəli sürülən ərazi iddialarının aradan qaldırılması istiqamətində heç bir addım atmayıb. Bu da o deməkdir ki, sülh danışıqları prosesində real nəticələrin əldə olunması ilə bağlı vəziyyət qeyri-müəyyən olaraq qalır.”
Əli Zülfüqaroğlu
Ə.Zülfüqaroğlu əlavə edib ki, Ermənistan ənənəvi olaraq manipulyasiya ilə məşğuldur:
“Yəni real və konkret addımlar atmaqdan yayınır. İrəvan ümid edir ki, geosiyasi vəziyyət nə vaxtsa onun lehinə dəyişəcək. Bu da onu deməyə əsas verir ki, Ermənistanın sülh prosesini yubatması revanşist niyyətlərlə əlaqədardır.
Azərbaycan uzaq perspektivi nəzərə alaraq siyasət aparır. Konstitusiyaya dəyişiklik edilməsi tələbi və hərbi xərclərin artırılması növbəti mərhələdə revanşist addımların qarşısının alınması məqsədi güdür.”
Turan Rzayev
Mənbə: globalinfo.az