“Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin faciəvi sonluğu hər bir sürücü üçün ciddi dərs olmalıdır. Təəssüf ki, baş vermiş faciənin ağır nəticələrini artıq dəyişmək mümkün deyil. Lakin belə hadisələrin təkrarlanmaması üçün hər bir yol hərəkəti iştirakçısı baş verənlərdən nəticə çıxarmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev bildirib.
“Bu hadisə bir daha göstərir ki, yolda ehtiyatsızlığın və riskli davranışın nəticəsi yalnız qayda pozuntusu ilə məhdudlaşmaya bilər. Sükan arxasında verilən hər bir qərarın arxasında insanların həyatı və təhlükəsizliyi dayanır.
Yol hərəkəti qaydalarının arxasında cərimə və məsuliyyətdən daha vacib bir dəyər - insan həyatı dayanır. Buna görə də qaydalara yalnız pozuntuya yol verməmək üçün deyil, özümüzün və başqalarının həyatını qorumaq üçün əməl etməliyik.
Sürücü yola çıxdığı andan etibarən qəbul etdiyi hər qərarın mümkün nəticələrini nəzərə almalı, təhlükəni əvvəlcədən qiymətləndirməli və davranışını mövcud yol şəraitinə uyğun qurmalıdır.
Bunu yalnız faciə baş verdikdən sonra deyil, hər dəfə sükan arxasına əyləşərkən düşünmək lazımdır”, - deyə R.Tağıyev vurğulayıb.
Qeyd edək ki, ötən gün Şəmkirdə “VAZ 2106” və “KIA” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər həlak olub, 7 nəfər xəsarət alıb.
Mənbə: qafqazinfo.az