Azərbaycana artan AES təhlükəsi - Bakıdan xəbərdarlıq

Azərbaycana artan AES təhlükəsi - Bakıdan xəbərdarlıq

Rusiya regionu təhdid edən Metsamorun bağlanması barədə çağırışları siyasi motivlərlə əlaqələndirir, Ermənistan isə...

Rusiya Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) gələcək istismarını müdafiə edir. Belə ki, Moskva stansiyanın təhlükəsizliyi ilə bağlı narahatlıqları əsassız sayır, onun modernləşdirildiyini və beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini bildirir. Lakin seysmik zonada yerləşən və istismar müddətinin uzadılması müzakirə olunan bu obyektin təhlükəsizliyi təkcə Ermənistanı deyil, bütövlükdə Cənubi Qafqazı maraqlandıran məsələdir.

Ötən həftə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Metsamor AES-in təhlükəli olması ilə bağlı mediada yayılan məlumatları əsassız adlandırıb. Onun sözlərinə görə, belə materiallarda faktoloji sübutlar yoxdur və onların arxasında siyasi motivlər dayana bilər. Zaxarova həftəlik brifinqdə bildirib ki, stansiyanın təhlükəsizliyinə dair tənqidi materiallar Rusiyanın “Rosatom” dövlət korporasiyası ilə Ermənistan arasında atom energetikası sahəsində əməkdaşlığa zərər vurmaq məqsədi daşıya bilər.

Rusiya rəsmisi Metsamor AES-in reaktor qurğusunun regionun yüksək seysmik şəraitinə uyğunlaşdırıldığını iddia edib. O, 1988-ci ildə baş vermiş Spitak zəlzələsi zamanı stansiyanın təhlükəsizlik sistemlərinin normal işləməsini obyektin etibarlılığının göstəricisi kimi təqdim edib. Zaxarovanın sözlərinə görə, sonrakı illərdə “Rosatom” və Ermənistanın nüvə energetikası üzrə mütəxəssisləri stansiyanın təhlükəsizliyinin artırılması istiqamətində işlər görüblər. Rusiya XİN nümayəndəsinin açıqlamasında qeyd olunub ki, cari ilin oktyabrında AES-in istismarının 2031-ci ilədək davam etdirilməsinin təhlükəsizliyi təsdiqlənib. Bundan əlavə, 2027-2030-cu illəri əhatə edən tədbirlər planı razılaşdırılıb və stansiyanın fəaliyyət müddətinin 2036-cı ilədək uzadılması imkanları nəzərdən keçirilir. Əsas təhlükəsizlik sistemlərinin modernləşdirilməsi də planlaşdırılır.

Metsamor AES-in yerləşdiyi ərazinin seysmik xüsusiyyətləri və obyektin istismar müddətinin uzadılması perspektivi qonşu dövlətlər üçün də əhəmiyyət daşıyır. Mümkün ciddi qəzanın nəticələri dövlət sərhədləri ilə məhdudlaşmaya, ətraf mühitə və region əhalisinə təsir göstərə bilər. Azərbaycanın maraqları baxımından Metsamor AES-in təhlükəsizliyi regional və transsərhəd ekoloji təhlükəsizlik kontekstində qiymətləndirilməlidir. Stansiyanın texniki vəziyyəti, seysmik risklər, təhlükəsizlik sistemlərinin səmərəliliyi və istismar müddətinin uzadılmasının əsasları barədə suallar siyasi bəyanatlarla deyil, obyektiv texniki qiymətləndirmələrlə cavablandırılmalıdır.

Bakının yanaşmasında əsas məqam hansısa dövlətin enerji layihəsinə qarşı çıxmaq deyil, mümkün nüvə risklərinin regionun bütün ölkələrinin maraqları nəzərə alınmaqla araşdırılmasıdır. Ermənistanın elektrik enerjisi istehsalı ilə bağlı ehtiyacları olsa da, bu ehtiyaclar ətraf mühitin və əhalinin təhlükəsizliyinə dair məsələləri arxa plana keçirməməlidir. Metsamor AES Türkiyə sərhədindən cəmi onlarla kilometr aralıda yerləşir. İğdır və Ərzurum istiqamətində əsən küləklər Türkiyənin şərq bölgələrinə radiasiya yaya bilər. AES-də partlayış və ya sızma baş verəcəyi təqdirdə ən böyük radiasiya riski Ermənistandan gələ bilər.

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Professor Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev sözügedən AES-in bağlanmasının vacibliyini bu ilin yayında bir daha bəyan edib. Onun sözlərinə görə, sovet dövründən qalan və texniki cəhətdən köhnələn Metsamor region üçün böyük təhlükə mənbəyi olsa da, elə Rusiya özü məsələyə siyasi kontekstdə yanaşır.

Bunun səbəbinin Ermənistan üzərində nəzarət və enerji asılılığını qoruyub saxlamaq olduğunu bildirən Qabil Hüseynli hesab edir ki, Moskva AES-in bağlanacağı halda nə baş verəcəyini anlayır: “Çünki Ermənistanın Rusiyadan enerji asılılığı azalmağa başlayacaq. Paşinyan özü də bu yaxınlarda dedi ki, Azərbaycan və Türkiyədən elektrik enerjisi ala bilərik. Rusiya da dərk edir ki, Metsamor bağlansa, Ermənistan çox böyük itkiyə məruz qalmır və kompensasiya edə bilir. Söhbət təsir imkanlarını saxlamaqdan gedir. Rusiya Ermənistanda enerji, logistika, dəmiryol xətləri, hərbi bazaları ilə varlığını təmin edir. Sizcə, onlardan biri olan Metsamorun bağlanmasını istəyərmi? Ona görə də Zaxarova mövqeyində səmimi deyil, elə Rusiya Metsamor məsələsinə siyasi məsələ kimi baxır”.

Mütəxəssis yeni nüvə stansiyasının tikilməsinin də planda olduğunu qeyd edib: “Məsələ budur ki, Paşinyan yeni AES tikilməsi üçün tərəfdaş ölkə axtarır. Rusiya deyir ki, yeni dövlət layihəni də öz üzərinə götürməyə hazırdır. Yəni Moskva geri çəkilmək istəmir. Elə Paşinyan da məcbur qalaraq ölkələrdən biri kimi Rusiyanın adını çəkib. Amma Ermənistanın gələcək enerji tərəfdaşının kim olacağı sual altındadır. Əvvəla, yeni layihəni konkret heç bir dövlət üzərinə götürməyib. Bu məsələ müzakirə səviyyəsindədir. İkincisi, Rusiya ilə yanaşı ABŞ, Fransa, Çin və Cənubi Koreyanın adı çəkilir. Deməli, yeni layihə də əslində enerji obyektindən daha çox siyasi mövzuya çevrilib. Yəni regionda hansı dövlətin təsiri güclənəcək, Rusiya çıxacaqmı, enerji sektorunu Qərb götürəcəkmi... Faktiki olaraq, Ermənistan uğrunda mübarizə davam etməkdədir”.

Qabil Hüseynli hesab edir ki, siyasi nüansları qabardaraq iqtisadi maraqları nəzərdən qaçırmaq olmaz: “Bilirsiniz ki, "Rosatom" üçün Metsamor təkcə elektrik stansiyası deyil, həm də uzunmüddətli kommersiya layihəsidir. Amma yeni nüvə stansiyasının tikintisi və onilliklər boyu istismarı daha geniş iqtisadi imkanlar yarada bilər. Əslində Ermənistanın işi mürəkkəbdir. Çünki enerji təhlükəsizliyi dövlətin suverenliyi ilə əlaqəlidir. İndi Ermənistan ciddi təhlükə və asılılıq yaşayır. Əgər ABŞ və ya Fransa Ermənistanın yeni nüvə stansiyasını tikərsə, əməkdaşlıq yalnız elektrik enerjisindən ibarət olmayacaq. Bunun davamı olaraq regionda təsir imkanlarını artıran addımlar atılacaq. Nəticədə Qərbin təsir gücü Rusiyanı bu bazardan sıxışdırıb çıxaracaq. Ermənistan isə bir təsir dairəsindən digərinə keçmiş olacaq”.

Professor sonda vurğulayıb ki, məsələnin Azərbaycan üçün əhəmiyyətli tərəfi isə Metsamorun təhdid yaratmasıdır, digər amil Ermənistanın ölkəmizdən elektrik enerjisi almaq istəyidir: “Əslində stansiyanın risk yaratması ilə o demək deyil ki, Azərbaycanda mütləq radioaktiv çirklənmə baş verəcək. Amma təhlükənin real səviyyəsini qiymətləndirmək üçün qəza ehtimalını və Azərbaycana çatma şəraitini araşdırmaq lazımdır”.

Xatırladaq ki, 2026-cı ilin mayında "Rosatom" rəhbəri Aleksey Lixaçov mövcud stansiyanın istismar müddətinin 2031-ci ilə qədər uzadılması üçün sənədləşmə aparıldığını, texniki baxımdan isə 2036-cı ilə qədər işləməyin mümkün ola biləcəyini bildirmişdi.

Mənbə: musavat.com