“Bəzi ölkələr hər hansı bir qurumu “terror təşkilatı” kimi tanıyırsa, bunu açıq şəkildə bəyan etməyi vacib hesab edir. Digərlərində isə yanaşma fərqlidir. Azərbaycanda da dünyada mövcud olan terror təşkilatlarının hansısa birinə münasibətdə tanımanı təsdiq edən rəsmi sənəd, yaxud siyahının mütləq olması ənənəsi yoxdur”.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, bu cür məsələlərdə hər bir ölkənin öz qanunvericiliyi, təhlükəsizlik konsepsiyası və mövqeyi var:
“Təqribən yarım əsrə yaxın Türkiyə dövlətinin təməllərini sarsıtmağa çalışan terror təşkilatı ilə mübarizənin sona çatması mühüm bir hadisədir. Çünki terror həm iqtisadi, həm də təhlükəsizlik baxımdan Türkiyə dövlətini ciddi şəkildə təhdid edirdi. Ona görə də, Azərbaycan Prezidenti tarixi hadisə kimi qiymətləndirə biləcəyimiz bu bəladan qurtuluş münasibəti ilə qardaş ölkənin prezidentini və xalqını təbrik edib.
Şübhəsiz, Türkiyəni təhdid edən hər hansı bir legitim, yaxud qeyri-legitim subyekt varsa, o Azərbaycanı da təhdid etmiş olur. Çünki iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsi hər iki ölkənin təhlükəsizliyi ilə bağlı öhdəlikləri təyin edir.
Azərbaycanın hansısa təşkilatı terrorçu kimi rəsmən tanıması və bununla bağlı hər hansı siyahının olub-olmaması məsələsinə, hər bir ölkənin bu cür məsələlərdə öz qanunvericiliyi, təhlükəsizlik konsepsiyası və mövqeyi var".
H. Babaoğlu diqqətə çatdırıb ki, heç də bütün ölkələrin qanunvericiliyində belə bir siyahının olması şərti yoxdur:
“Bəzi ölkələr hər hansı bir təşkilatı terrorçu kimi tanıyır, yaxud tanımırsa, bunu açıq şəkildə bəyan etməyi vacib hesab edir. Digərlərində isə yanaşma fərqlidir. Yəni terror təşkilatı fəaliyyət göstərir, bu təşkilat, yaxud təşkilatlar müxtəlif beynəlxalq qurumlarda məhz terrorçu kimi tanınır. Amma heç də bütün ölkələrin qanunvericiliyində belə bir siyahının olması şərti yoxdur. Azərbaycanda da dünyada mövcud olan terror təşkilatlarının hansısa birinə münasibətdə onun terror təşkilatı kimi tanınmasını təsdiq edən rəsmi sənəd yaxud siyahının mütləq olması ənənəsi yoxdur”.
Xatırladaq ki, Azərbaycanın müstəqilliyi elan ediləndən bəri Milli Məclis və XİN-də PKK və digər təşkilatların terrorçu kimi tanınması rəsmən elan edilməyib və bununl bağlı hansısa siyasi sənəd qəbul olunmayıb. Bəzi ekspertlər dəfələrlə bu məqamam diqqət çəkərək icraedici və qanunverici orqanları siyasi səhlənkarlıqda ittiamlayıblar.
Nazim Hacıyev
Mənbə: yenisabah.az